24Media.az-ın budəfəki müsahibi həkim Mərdan Əliyevdir. O, orucun insan orqanizminə faydalarından danışıb.

- Orucun insan orqanizminə nə kimi faydaları var?
Orucun bir çox faydaları mövcuddur. Tibbi baxımdan oruc, əsasən metabolizmanın normallaşmasına kömək edir. Son illərdə geniş yayılan bir patoloji proses olan insulin dirənci, şəkərli diabetə yol açır və eyni zamanda kökəlməyə, piylənməyə səbəb olur. Oruc bu vəziyyətlərin qarşısını almağa kömək edir. Oruc tutmaq, autofagiya adlanan bir prosesi aktivləşdirir. Autofagiya, zərərli və qocalmış hüceyrələrin bədəndən təmizlənməsi prosesidir və bu, hüceyrə bərpasını təmin edərək ümumi sağlamlığa müsbət təsir göstərir. Bundan əlavə, orucun bir detoks effekti də vardır; bədənə yığılmış toksinlərin xaric edilməsi prosesini sürətləndirir.
Düzgün şəkildə tutulan oruc həm də çəki itirməyə, arıqlamağa səbəb ola bilər. Çünki oruc zamanı bədənin enerji mənbəyi olaraq yağları istifadə etməyə başladığı üçün piylər azalır. Orucun ürək və qan dövranına olan təsirləri də əhəmiyyətlidir. Araşdırmalar göstərir ki, oruc təzyiqin azalmasına kömək edir, ürək sağlamlığını dəstəkləyir və xolesterol səviyyələrini nizamlayır.
Əlavə olaraq, oruc, insulin dirəncini azaldaraq şəkərli diabetə meyilli şəxslər üçün müsbət təsir göstərir. Bunun sayəsində bu cür problemlərlə üzləşmək riski əhəmiyyətli dərəcədə azalır. Ümumilikdə, oruc sağlam bədənə sahib olmaq, çəki idarə etmək və metabolik xəstəliklərin qarşısını almaq üçün faydalı bir vasitədir.
Çinarə Tarverdiyeva
