Galatasarayın ulduzu Viktor Osimhenin adı bir müddətdir ki, Juventusla hallanırdı. Lakin İtaliya nəhənginin Osimheni ikinci planda saxladığı və yeni transfer hədəflərini müəyyənləşdirdiyi bildirilir.

Mövsümün sonunda Galatasaraydan ayrılacağına qəti gözlə baxılan Osimhenin yay transfer dönəmində hansı kluba keçəcəyi hələ də bəlli deyil. Nigeriyalı futbolçunun adı Juventusla da çəkilirdi.
Məlumata görə, Turin təmsilçisinin bir nömrəli hədəfi Kolo Muaninin transfer hüquqlarını almaqdır. PSG-dən yarım mövsümlük icarəyə götürülən Muani Juventus forması ilə keçirdiyi 5 oyunda 5 qol vurub və 1 asist edib.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, Juventus artıq Osimhen üçün əvvəlki qədər israrçı deyil. Üstəlik, klubun yay transfer dönəmində diqqətini cəmlədiyi iki hücumçunun adı da açıqlanıb.
Kolo Muanidən əlavə, Juventusun siyahısında Eintracht Frankfurtun forvardı Uqo Ekitike də var. Turin klubu yeni mövsümə iki fransız hücumçu ilə girmək niyyətindədir.
Digər tərəfdən, Vlahoviçlə yollarını ayırmağa hazırlaşan Juventusun radarında olan başqa bir hücumçunun da adı çəkilir – Leipzig forması geyinən Benjamin Şeşko.
Eyni zamanda, İtaliya mediasında yayılan digər xəbərlərdə qeyd olunur ki, Viktor Osimhen hər keçən gün Manchester Uniteda daha da yaxınlaşır. Bildirilir ki, “Qırmızı Şeytanlar” bu transferin əvəzinə Napoliyə Rasmus Højlundu təklif edə bilər.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
