Bu gün:

"Blue ghost" Aya enir


NASA üçün qazma, vakuum və digər təcrübələr aparan özəl Ay eniş aparatı bazar günü uğurla Aya enib. Bu missiya astronavt səfərlərindən əvvəl Ayda fəaliyyət göstərmək istəyən şirkətlərin son nümunələrindən biri olub.

Firefly Aerospace-in Blue Ghost adlı eniş aparatı avtopilot rejimində Ay orbitindən enərək Ayın şimal-şərqindəki qədim vulkanik günbəzlərin yaxınlığında yerləşib. Uğurlu enişin təsdiqi şirkətin Texas ştatının Ostin yaxınlığındakı Missiya Nəzarətindən gəlib.

"Biz Aydayıq" ,– Missiya Nəzarəti belə elan edib və eniş aparatının "sabit" vəziyyətdə olduğunu bildirib.

Bu uğurlu eniş Firefly-ı qəzaya məruz qalmadan Aya kosmik aparat endirən ilk özəl şirkət edib. İndiyə qədər bunu yalnız beş ölkə – ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya bacarıb.

Blue Ghost-un ardınca daha iki özəl eniş aparatının Aya göndərilməsi planlaşdırılıb və onlardan birinin həftə sonuna qədər Aya çatacağı gözlənilir.

Adını ABŞ-də nadir rast gəlinən bir atəşböcəyi növündən alan Blue Ghost quruluş baxımından da bu canlıya bənzəyirdi. Şirkətə görə, çömbəlmiş, dördayaqlı aparat 2 metr hündürlükdə, 3,5 metr enində olub və əlavə sabitlik üçün bu cür dizayn edilib.

Mənbə: ABC News

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et