Tesla-nın səhmləri Avropadakı satışların azalması fonunda 9%-dən çox ucuzlaşıb. Tesla-nın səhmləri Avropa Birliyi (AB) və Böyük Britaniyada satışların yanvar ayında təxminən yarıya qədər azalmasından sonra 9%-dən çox ucuzlaşıb. Bu geriləmə şirkətin bazar dəyərinin 2024-cü ilin noyabrından bəri ilk dəfə 1 trilyon dollardan aşağı düşməsinə səbəb olub.
Tesla Avropa bazarında Çin və digər avtomobil istehsalçılarının sərt rəqabəti ilə üzləşir. Bununla yanaşı, Tesla-nın sahibi Elon Musk həm ABŞ, həm də Avropada mübahisəli siyasi mövqeləri ilə də diqqət çəkir.
Avropanın avtomobil sənayesini təmsil edən ACEA təşkilatının məlumatına görə, Tesla-nın yanvar ayındakı satışları Avropada elektrikli avtomobillərə tələbin artım tempini aşağı salıb. Tesla-nın AB, Avropa Azad Ticarət Assosiasiyası (EFTA) və Böyük Britaniyada satışları 45%-dən çox, təkcə AB-də isə 50%-dən çox azalıb.
Bu Tesla-nın illik satışlarının on ildən çox müddətdə ilk dəfə azalmasından sonra baş verir. Ötən il şirkət həm tələbin zəifləməsi, həm də rəqiblərinin bazarda mövqelərini gücləndirməsi ilə çətinliklərlə üzləşmişdi.
AJ Bell investisiya şirkətinin direktoru Russ Mold bildirib ki, Tesla-nın satışlarının azalmasının əsas səbəblərindən biri artan rəqabətdir. Çin avtomobil istehsalçısı BYD əlavə xərc tələb edən bəzi xüsusiyyətləri standart olaraq təqdim edərək bazarda mövqeyini gücləndirib.
Bununla yanaşı, bəzi müştərilərin də Elon Musk-ın siyasi mövqelərinə qarşı prinsipial mövqe sərgiləməsi ehtimal edilir. Musk, ABŞ-da federal maliyyənin kəskin şəkildə azaldılmasını dəstəkləyir və bəzi fondların ixtisarında iştirak edir.
Böyük Britaniyada isə Musk ifrat sağçı aktivist Tommy Robinson kimi tanınan Stiven Yaksli-Lennon-a dəstək verir və baş nazir Ser Keir Starmeri dəfələrlə tənqid edib.
Almaniyada isə Musk, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasını dəstəkləyib və partiyanın seçkilərdə rekord nəticə əldə etməsindən sonra onun liderini təbrik edib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva