Bu gün:

Gülüş: Xoşbəxtliyə gedən ən asan yol


Əgər iki nəfərin eşitmədiyiniz bir zarafata güldüyünü görsəniz, fərqinə varmadan belə böyük ehtimalla siz də gülümsəyəcəksiniz.

Yeni bir araşdırmaya görə, gülüş həqiqətən yoluxucudur: Beynimiz gülüş səsinə reaksiya verir və üz əzələlərini bu şənliyə qoşulmağa hazırlayır. Elə görünür ki, 'gül və dünya səninlə birlikdə güləcək' ifadəsi tamamilə doğrudur".

Biz instinktiv olaraq bilirik ki, gülüş iki insan arasındakı ən qısa məsafədir, lakin gülüşün yoluxucu olmasının antropoloji bir səbəbi var. Bir araşdırma göstərir ki, gülüş və yumor genetik olaraq daxili bir xüsusiyyətdir və tarixən sosial əlaqələri gücləndirən bir vasitə kimi xidmət edibdir.

Gülüşün yoluxucu olmasının həm də fizioloji bir səbəbi var. Bir qəhqəhə səsi beyninizin premotor kortikal bölgəsindəki sahələri tətikləyir. Bu bölgə səsə uyğun olaraq üz əzələlərini hərəkət etdirməyə cavabdehdir.
Müsbət səslərə verilən reaksiya daha güclü olur. Bu da onların mənfi səslərdən daha yoluxucu olduğunu göstərir – bu, insanların gülüşünü gördükdə niyə qeyri-ixtiyari olaraq gülümsədiyimizi izah edə bilər.

Gülüşün faydaları

Gülüşün bir çox faydaları var. O, oksigen qəbulunu artıraraq ağciyərləri, ürəyi və əzələləri stimullaşdırır və endorfinlərin (xoşbəxtlik hormonu) ifrazını artıraraq immun sistemini gücləndirir. Bundan əlavə, gərginliyi və stresi, depressiya və narahatlığı azalda bilər və hətta məhsuldarlığı artırmağa kömək edir.

Mənbə: Live Science

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et