Bu gün:

Mobbinq nədir?


Mobbinq – iş yerində bir və ya bir neçə şəxsin bir işçiyə psixoloji təzyiq göstərməsi və ona emosional zərər verməsidir. Bu, uzunmüddətli stress, depressiya və motivasiya itkisinə səbəb ola bilər, həm işçiyə, həm də iş mühitinə mənfi təsir göstərir.

Bəs mobbinqlə necə mübarizə aparmaq olar? 


Mobbinq davranışları nədir?

Mobbinq müxtəlif yollarla baş verə bilər. İş yerində müşahidə olunan mobbinq davranışları aşağıdakıları əhatə edə bilər:


Ünsiyyət maneələri: İşçilərin ideyalarına məhəl qoymamaq və onların mühüm məlumatlara çıxışına mane olmaq.


Alçaldıcı ifadələr və davranışlar: İşçinin şəxsiyyəti, bacarıqları və ya keçmişi haqqında mənfi və təhqir edici ifadələr işlətmək.


İzolyasiya: İşçini komandadan çıxarmaq, tək buraxmaq, ictimai münasibətləri kəsmək.


Həddindən artıq iş yükü: İşçini lazımsız və həddindən artıq iş yükü ilə təkbaşına qoymaq. 


Haqsız tənqid və ittihamlar: İşçinin hər zaman günahkar olduğunu irəli sürərək onu daim tənqid etmək.


Fiziki təhdidlər: İşçiyə fiziki təhdidlər etmək.


Bu cür davranışlar işçilərin psixoloji sağlamlığına təsir edir, məhsuldarlığı və iş yerində ümumi atmosferi pozur.


Mobbinqin səbəbləri nələrdir?

Mobbinq tez-tez iş yerində güc balanssızlığı, zəif idarəetmə yanaşmaları və ya zəif ünsiyyət nəticəsində yaranır. Mobbinqin bəzi ümumi səbəbləri ola bilər:


Şəxsi münaqişələr: İşçilər arasında şəxsi fikir ayrılıqları mobbinqə səbəb ola bilər.


Qeyri-adekvat liderlik: Menecerlərin mobbinq davranışlarını fərq etməməsi və ya onlara məhəl qoymaması bu cür davranışın davam etməsinə səbəb ola bilər.


Mədəni amillər: Bəzi iş yerlərində iyerarxik strukturlar və təzyiqçi mədəniyyətlər mobbinqi təşviq edə bilər.


Rəqabət: Bəzi iş yerlərində sərt iyerarxiya və təzyiqçi iş mühiti mobbinqin yaranmasına şərait yarada bilər.


Mobbinqin fəsadları nələrdir?

Mobbinq həm fərdi, həm də institusional səviyyələrə ciddi təsir göstərə bilər:


Psixoloji təsirlər: Mobbinq qurbanları depressiya, narahatlıq, yuxu pozğunluğu, stress və özünə aşağı səviyyədə hörmət kimi psixoloji problemlər yaşaya bilər.


Fiziki təsirlər: Uzunmüddətli stress baş ağrısı, mədə problemləri və zəifləmiş immunitet sistemi kimi sağlamlıq problemlərinə səbəb ola bilər.


İş performansının azalması: Mobbinq işçinin işinə marağını itirməsinə və məhsuldarlığının azalmasına səbəb ola bilər.


İşdən çıxmaq: İşçilər mobbinq səbəbiylə işi tərk etmək qərarına gələ bilər ki, bu da şirkət üçün yüksək işçi qüvvəsi itkisi deməkdir.


Mobbinqlə necə mübarizə aparmalı?

Mobbinqlə mübarizə aparmaq üçün iş yerində sağlam ünsiyyət mədəniyyətinin formalaşdırılması vacibdir. İşəgötürənlərə və menecerlərə mobbinqlə mübarizə üçün aşağıdakı addımları atması tövsiyə olunur:


Maarifləndirmə: İşçilər arasında mobbinqin nə olduğu və onu necə tanımaq barədə məlumatlılıq artırılmalıdır.


Açıq kommunikasiya kanallarının təmin edilməsi: İşçilərin şikayətlərini asanlıqla səsləndirə biləcəkləri bir mühit təmin edilməlidir.


Təlimlərin təşkili: Mobbinqlə bağlı təlimlər keçirməklə işçilərə psixoloji təzyiqin qarşısını almaq imkanı yaradıla bilər.


Mobbinq iş yerində ciddi problemlər yaradan bir hadisədir və buna qarşı effektiv yanaşma tələb olunur. İşçilər və işəgötürənlər mobbinqi tanımalı və bu cür təqiblərə qarşı qabaqlayıcı tədbirlər görməlidirlər. Bundan əlavə, mobbinq qurbanlarının psixoloji cəhətdən tək qalmaması və dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. Hər bir işçi hüquqlarının qorunduğu təhlükəsiz iş mühitində işləməlidir.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et