
Ağrı hissi insandan insana və vəziyyətdən vəziyyətə dəyişə bilər. Bəzən zədələnmə və ya fiziki problem nəticəsində gözlədiyimizdən daha çox ağrı hiss edirik, amma oxşar hallarda ağrını daha az hiss edə bilərik. Bu dəyişkənlik göstərir ki, ağrının qavranılması gözləntilərimizdən asılıdır.
Son araşdırmalar göstərir ki, beynimiz ağrını təkcə fiziki zədələrə əsasən deyil, eyni zamanda gözləntilər və reallıq arasındakı fərqə əsasən dəyərləndirir. Buna Gözlənilməzlik Fərziyyəsi (Surprise Hypothesis) deyilir. Bu fərziyyəyə görə, beyin ağrını, gözləntilərimiz və reallıq arasındakı uyğunsuzluq – yəni proqnoz xətası (prediction error) kimi qəbul edir.
Araşdırmanın mahiyyəti:
Bu fərziyyəni sınamaq üçün alimlər ağrının qavranılmasını araşdıran bir təcrübə apardılar. Təcrübədə sağlam iştirakçılara istilik stimulyasiyası ilə ağrı hiss etdirildi və eyni zamanda onlara virtual reallıqda ağrılı və ya ağrısız vizual görüntülər göstərildi. İştirakçılar ağrının intensivliyini bildirdilər.
Tədqiqatçılar müəyyən etdilər ki, əgər iştirakçının gözləntiləri ilə real ağrı hissi arasındakı fərq böyük olarsa, onlar ağrını daha güclü hiss edirlər. Bu isə Gözlənilməzlik Fərziyyəsinin beyində ağrının qavranılmasını izah etmək üçün daha uyğun bir model olduğunu göstərdi.
Xroniki ağrı və gözlənilməzlik:
Araşdırma həmçinin sübut etdi ki, gözlənilməz hadisələr baş verdikdə ağrı daha da güclənir. Xroniki ağrıdan əziyyət çəkən insanlarda tez-tez ağrı ilə bağlı qeyri-müəyyən qorxular və narahatlıqlar olur. Ola bilər ki, bu qeyri-müəyyənlik onların hiss etdiyi ağrının intensivliyini daha da artırsın.
Bu nəticələr göstərir ki, ağrını azaltmağın effektiv yollarından biri ağrı ilə bağlı gözləntilər və real hisslər arasındakı fərqi minimuma endirməkdir. Bu strategiya həm xroniki ağrıdan əziyyət çəkən insanlar, həm də gündəlik həyatda ağrı ilə qarşılaşan şəxslər üçün faydalı ola bilər.
Mənbə: sciencedaily
Tərcümə edən: Fatimə Cabbarlı
