ABŞ-ın Massachusetts ştatı dünya idman tarixində mühüm rol oynayan iki idman növünün – basketbol və voleybolun doğulduğu yer kimi tanınır. Hər iki oyun 19-cu əsrin sonlarında burada yaradılıb və zamanla qlobal miqyasda populyarlaşaraq milyonlarla insanın sevimli idman növünə çevrilib.

Basketbol 1891-ci ildə Springfield şəhərində yaradılıb. Oyunun banisi Dr. Ceyms Neismit soyuq qış aylarında tələbələri üçün yeni bir idman növü hazırlamaq məqsədilə taxta səbətlər və futbol topuna bənzər bir top istifadə edərək basketbolu icad edib. İlk oyun Massachusettsdəki Springfield Kollecində oynanılıb və sürətlə yayılaraq geniş maraq doğurub. Sonrakı illərdə oyun qaydaları təkmilləşdirilib və basketbol bu gün dünyanın ən populyar idman növlərindən birinə çevrilib.
Voleybol isə basketbolun yaradılmasından cəmi dörd il sonra 1895-ci ildə Holyoke şəhərində meydana gəlib. Bu idman növünü William G. Morgan basketboldan daha az fiziki təmas tələb edən alternativ bir oyun kimi hazırlayıb. İlk vaxtlar “mintonette” adlanan bu oyun daha sonra voleybol adını alıb və qısa müddət ərzində geniş yayılaraq beynəlxalq səviyyəyə çatıb.
Massachusetts ştatı idman tarixindəki bu əhəmiyyətli hadisələrlə yanaşı, idmanın inkişafına verdiyi töhfələrlə də tanınır. Burada yerləşən nüfuzlu universitetlər və idman akademiyaları yeni idman növlərinin formalaşmasına və inkişafına münbit şərait yaradır. Bu gün Massachusetts yalnız Amerika üçün deyil, bütün dünya üçün idman mədəniyyətinin mühüm bir parçası hesab olunur.
Mənbə:Today.com
Tərcümə etdi:Aysel Şıxməmmədova
