Qolsuz bərabərliklə başa çatan Qalatasaray-Fənərbaxça derbisinin hakimi Slavko Vinçiç öz ölkəsi Sloveniya mətbuatında gündəm olub. Sloveniya mediası təcrübəli hakimin oyunu yaxşı idarə etdiyi barədə ortaq fikirdə olub.

Qalatasaray və Fənərbaxça arasında keçirilən böyük derbinin xarici hakimi Slavko Vinçiç Sloveniya mediasında manşetlərə çıxıb. Ölkə mediası Vinçiçin çıxışını yüksək qiymətləndirib və onun derbini uğurla idarə etdiyini qeyd edib.
Sport Klub nəşrində yer alan xəbərdə "Vinçiçin çıxışı çox sayda müsbət rəy aldı" ifadəsinə yer verilib. Xəbərin detalları arasında isə Jose Mourinyonun Vinçiçi təbrik etmək üçün onun otağına getdiyi bildirilib.
SNPortal isə "Slavko Vinçiç böyük Türkiyə derbisində parladı" başlığını atıb.
Planet Nogomet də Vinçiçin uğurlu bir derbi keçirdiyini bildirərək "Qalatasaray və Fənərbaxça yox, amma Vinçiç təsir bağışladı: Türklər sloveniyalının işini mükəmməl gördüyü barədə həmfikirdir" manşetini verib.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
