Bu gün:

Dünyanın ilk insanabənzər robotu


Polşada yerləşən “Clone Robotics” startap şirkəti simasız sintetik insan robotu olan “Protoclone”un yeni videosunu yayımlayıb.

Sosial media istifadəçilərinə "Terminator" filmini xatırladan yeni robot – 6 futluq Protoclone V1 prototipi təqdim olunub. Onun dizaynerləri bu modeli "dünyanın ilk ikiayaqlı, əzələ-skelet sistemi androidi" adlandırırlar.

Robotun konstruksiyasında süni sümüklər, oynaqlar, vətərlər, əzələlər və hətta qan dövranı sistemi yer alır. Clone Robotics şirkəti Protoclone V1-in ikiayaqlı dizaynını vurğulasa da, o, bəzi səbəblərdən rəqiblərindən geri qalır. Məsələn, İlon Maskın “Optimus” və “Boston Dynamics”in “Atlas” robotları daha realist hərəkətlər edir və insanın bədən quruluşuna daha çox bənzəyir.

Protoclone 1000 süni əzələ lifi və 500 sensorla təchiz olunmuş bədəni ilə diqqət çəkir. Üzünün olmamasına baxmayaraq robot 200-dən çox hərəkət icra edə bilir. Onun süni əzələləri insan bədənində olduğu kimi 206 sümüyə bağlıdır. Hazırda pnevmatik sistemlə (havadan istifadə edərək) işləyən bu prototipin gələcəkdə hidravlik – porşen və mayedən istifadə edən sistemə keçməsi planlaşdırılır.

Robotun içərisində insan ürəyinin qan pompalama prinsipinə bənzər işləyən elektrik nasosu quraşdırılıb. Konstruksiyada qan əvəzinə su dövr edir və bu sistemin gücü 500 vatt təşkil edir. Xarici görünüşünə görə əzələ və skelet sistemi olduqca real təsir bağışlayır.


Clone Robotics insan səviyyəsində əl qabiliyyətinə malik süni intellektlə təchiz olunmuş androidlər istehsal etməyi hədəfləyir. Şirkətin həmtəsisçisi Dhanush Radhakrishna isə Protoclone-un təqdimatını "android dövrünün sıfır nöqtəsi" adlandırıb. Bununla belə, bəzi ekspertlər bu iddiaya şübhə ilə yanaşır. Çünki 2017-ci ildə Tokyo JSK Lab da "Kengoro" adlı humanoid robotu "dünyanın ilk dayaq-hərəkət robotu" kimi təqdim edib.


Mənbə: onedio

Tərcümə etdi: Mina Yadigarlı 

Paylaş
Şərh əlavə et