Amerikalı milyarder İlon Maska məxsus SpaceX şirkətinin raketinin qalıqları yer atmosferinə daxil olduqdan sonra Polşaya düşüb. Polşanın Komorniki kəndində nəzarətsiz şəkildə atmosferə girən “Falcon-9” raketinin hissələri tapılıb.

SpaceX tərəfindən buraxılan "Falcon-9" raketinin hissələri nəzarətsiz şəkildə yenidən Yer atmosferinə daxil olaraq Polşaya düşüb.
Polşanın Komorniki kəndində yaşayan Adam Borucki anbarının arxasında 1,5 metrə 1 metr ölçüsündə bir raket qalığı tapıb. O, polisə məlumat verdikdən sonra aparılan araşdırmalar nəticəsində bu parçanın SpaceX-in "Falcon-9" raketinə aid olduğu müəyyən edilib.
Polşa Kosmik Agentliyinin açıqlamasına görə, "Falcon-9" raketinin ikinci hissəsi fevralın 19-da, yerli vaxtla saat 04:46-04:48 arasında nəzarətsiz şəkildə atmosferə yenidən daxil olub.
Harvard Universitetinin astrofiziki Dr. Conatan Makdouell məsələ ilə bağlı belə açıqlama verib: “Raketin idarə olunan şəkildə Yer atmosferinə daxil olaraq Sakit Okeana düşməsi planlaşdırılmışdı. Lakin mühərrikdəki nasazlıq buna imkan vermədi. Biz onun Yer ətrafında fırlandığını müşahidə etdik və bu gün nəzarətsiz şəkildə atmosferə daxil olacağını gözləyirdik. İnsanlar səmada yanma prosesini izlədilər. Daha sonra onun dağıntıları İngiltərənin şərq hissəsinə doğru hərəkət edib".
Araşdırmalar nəticəsində məlum olub ki, dağıntı parçasının aid olduğu raket fevralın 1-də ABŞ-nin Kaliforniya ştatındakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılıb.
Mənbə: Hüriyyet
Tərcümə etdi: Dilbər Paşazadə
