Uğura nail olmaq çətin bir səyahətdir, lakin bəzən bu yolda ən böyük maneələrdən biri insanın özüdür. İmposter sindromu fərdin öz uğurlarını qəbul edə və onları daxililəşdirə bilməməsidir.

Biz hamımız zaman-zaman özünütənqidlə məşğul oluruq, lakin bəzi insanlar uğurlarını öz daxilində qəbul edə bilməyərək özlərini saxtakar kimi hiss edirlər.
“Bəxtim gətirdi”, “Doğru zamanda doğru yerdə idim” və ya “Məni şişirdirlər” kimi fikirlər bu sindromun ən bariz nümunələrindəndir. Bir insan nə qədər uğurlu olsa da, bir gün “əsl üzünün” ortaya çıxacağından və kifayət qədər yaxşı olmadığı aşkar ediləcəyindən qorxur.
Bu sindrom fərdin həm psixoloji, həm də sosial həyatına əhəmiyyətli təsir edə bilər:
• Nailiyyətlərini aşağılayır və onlara layiq olmadığını düşünür.
• Öz dəyərini şübhə altına almağa başlayır və zaman keçdikcə özünə inamı azalır.
•Davamlı olaraq özünü sübut etmək üçün həddindən artıq işləyə və ya uğursuzluqdan qorxduğu üçün riskə getməkdən qaçaraq işi təxirə sala bilər.
• İnsanların onu dəyərləndirməsindən qorxaraq sosial mühitdən uzaqlaşa bilər.
• Daim özünü qeyri-adekvat görmək depressiv əhval-ruhiyyəyə və sıx narahatlığa səbəb ola bilər.
Bu sindromun təsirlərini azaltmaq mümkündür.
1. Maarifləndirmə
İlk olaraq, imposter sindromu ilə qarşılaşdığımızı etiraf etmək vacib bir xüsusiyyətdir. Uğurlarımızı nəzərdən keçirmək və əldə etdiyimiz nəticələrin təsadüf nəticəsində olmadığını başa düşmək prosesin ilk addımıdır.
2. Özünə şəfqət bəsləmək
Öz nailiyyətlərimizi aşağılamaq əvəzinə, onlara layiq olduqları dəyəri verməliyik. “Mən buna çox çalışdığım üçün nail oldum” kimi müsbət daxili dialoqun inkişafı özümüzə şəfqətimizi artırır.
3. Məqsədlərin müəyyən edilməsi
Kiçik, lakin konkret hədəflər qoyaraq irəliləmək özümüzə inamımızı gücləndirir.
4. Uğurlarımızı yazmaq
Öz uğurlarımızı yazmaq bizə onlara maddi sübut kimi baxmağa imkan verir. Aldığımız müsbət rəyləri qeyd etmək də bu prosesdə faydalı ola bilər.
5. Kənardan dəstək axtarın
Bunu yaxınlarınız, mentorlar və ya terapevtlə bölüşmək bizə öz fikirlərimizi daha obyektiv qiymətləndirməyə kömək edə bilər.
İmposter sindromu fərdin özünə inamını sarsıdan və əldə etdiyi nailiyyətlərə kölgə salan psixoloji hadisədir. Bununla belə, məlumatlı olmaq, özümüzə qarşı daha mehriban olmaq və uğurlarımıza sahib çıxmaq bu sindromla mübarizənin açarıdır.
Tərcümə etdi: Mina Yadigarlı
Mənbə: NTV. Com
