Bu gün:

Süni intellekt və illərlə davam edən elmi problem


İmperial Kollecinin professoru Xose R. Penadés və komandası antibiotiklərə qarşı davamlı supermikrobların yaranma səbəbini illərlə araşdırdıqdan sonra Google-un yeni süni intellekt aləti yalnız iki gündə eyni nəticəyə gəlib. Penadés süni intellektə ünvanladığı qısa sorğu ilə tapdığı nəticəyə çox təəccüblənib, çünki araşdırması, hələ də dərc olunmayıb  və süni intellektin bu məlumatları tapması mümkün deyildi. AI, həmçinin komandanın illərlə apardığı tədqiqatda əldə etdiyi nəticələri çox qısa müddətdə təkrarlayaraq yeni fikirlər və hipotezlər irəli sürüb.

Süni intellekt aləti (AI) tədqiqatçılar tərəfindən təqdim edilən beş fərqli hipotezdən dördünü məntiqli hesab edib və onlardan biri komanda tərəfindən əvvəllər heç düşünülməyən bir nəzəriyyə olub. Professor Penadés bunun yalnız təkrarlama deyil, həm də elmi araşdırmanın yeni istiqamətlərinə işarə etdiyini vurğulayıb. O bildirib ki, bu AI həm təkrarlama prosesini sürətləndirib, həm də onları daha dərin araşdırmalar aparmağa təşviq edib.

Penadés süni intellektin elmi tədqiqatlarda yeni imkanlar yaratdığını və bu texnologiyanın elmi sahələrdə böyük təsir göstərəcəyini qeyd edib. Onun sözlərinə görə, bu tip alətlər elmi irəliləyişləri sürətləndirəcək və tədqiqatçıların daha çox məlumatı daha az vaxtda əldə etmələrinə imkan verəcək. Bu, həmçinin daha dəqiq nəticələr əldə etməyə və daha mürəkkəb problemləri həll etməyə kömək edəcək.

Penadés süni intellektin təkcə elmi tədqiqatları təkmilləşdirməklə kifayətlənməyəcəyini, həm də insan intellektinə əlavə dəstək verəcəyini, məsələn, yeni tapıntılar üzərində daha sürətli nəticələr əldə etməyə kömək edəcəyini bildirib. O bu alətin elmi dünyada böyük bir inqilab yaratdığını və gələcəkdə daha çox belə vasitələrin geniş yayılacağını gözlədiyini vurğulayıb. 

Professor süni intellektin gələcəkdə çox daha mürəkkəb problemlərin həllinə, elmi nəzəriyyələrin inkişafına və tibb kimi sahələrdə inqilabi dəyişikliklərə səbəb ola biləcəyini düşünür. "Bu yalnız bir başlanğıcdır",-deyə o əlavə edib. Penadés süni intellektin elmdəki inkişafları daha da sürətləndirəcəyinə və insan həyatını yaxşılaşdıracaq bir çox yeniliklərə nail olacağına inandığını bildirib.

Mənbə: BBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et