Fənərbaxçanın baş məşqçisi Jose Mourinyo UEFA Avropa Liqasının 1/16 final mərhələsinin pley-off cavab görüşü öncəsi açıqlamalar verib. Türkiyə təmsilçisi bu mərhələdə Belçikanın Anderlecht klubu ilə qarşılaşacaq. Mourinyo komandanın inkişaf prosesindən bəhs edib:
"Futbolçular yaxşıdır, yeni şeylər öyrənməyə açıqdırlar. Bu onların inkişafını sürətləndirir. Açıq danışmalıyam ki, qapıçı da bu komandanın bir parçasıdır. Bəzi anlarda qapıçımız vacib müdaxilələr etdi və düzgün vaxtda düzgün qurtarışlar göstərdi. Milad və Yeni il fasiləsində istədiyimiz məşqləri keçmək fürsəti qazandıq. Yanılmıramsa, hazırda 11-12 oyunluq məğlubiyyətsiz seriya əldə etmişik",– deyə Mourinyo bildirib.

"Hələ uzun bir yolumuz var"
Portuqaliyalı mütəxəssis komandanın hədəflərinə çatmaq üçün hələ görüləsi işlərin çox olduğunu vurğulayıb:
"Taktiki elementləri tətbiq edə bilirik və nəticələr də gəlir. Bu müddətdə bəzi zədələr yaşadıq, lakin transfer pəncərəsinin açıq olması bizə əlavə imkan yaratdı. Hazırda bizim üçün hər şey müsbət gedir, amma hələ getməli olduğumuz uzun bir yol var. Bu cür oyunlarda hər şey mümkündür, buna görə də sabah işi tamamlamalıyıq", – deyə Mourinyo fikirlərini yekunlaşdırıb.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
