Video oyunlar texnologiya dünyasında inqilabi dəyişikliklər yaradan bir əyləncə növüdür. Oyun sənayesi texnologiyanın inkişafı ilə birlikdə böyüyərək bu gün milyonlarla insanı əhatə edən böyük bir sektora çevrilib.
Bəs video oyunlar necə yaranıb və bu proses hansı mərhələlərdən keçib? Gəlin, onların tarixinə qısa bir səyahət edək.
İlk video oyunu: İki nəfərlik tennis (1958)
Video oyunların tarixi 1950-ci illərdə universitet tədqiqat laboratoriyalarında hazırlanmış sadə simulyasiyalarla başlayıb. Lakin bu oyunlarda hərəkətli qrafika yox idi və əsasən elmi məqsədlər üçün istifadə olunurdu. 1958-ci ildə William Higinbotham ilk dəfə hərəkətli qrafikaya sahib bir oyun olan "Tennis for Two"-nu yaratdı. Bu sadə, lakin yenilikçi oyun video oyun sənayesinin başlanğıcı hesab olunur.
İlk kompüter oyununu kim yaradıb?
1962-ci ildə Stiv Rassel və onun Massaçusets Texnologiya İnstitutundakı həmkarları "Spacewar!" adlı oyunu hazırladılar. Bu, birdən çox kompüterdə quraşdırıla bilən ilk video oyun idi. "Spacewar!", video oyunların kompüterlərdə oynana biləcəyini sübut edərək sənayenin inkişafında mühüm rol oynadı və gələcək oyunların əsasını qoydu.
İlk video oyun konsolu: Magnavox Odyssey(1972)
1972-ci ildə Ralph Baer və komandası televizora qoşula bilən ilk video oyun konsolu olan Odyssey-ni dizayn etdilər. Bu konsol insanlara evdə video oyun oynamaq imkanını təqdim edərək tez bir zamanda populyarlıq qazandı və 700.000-dən çox satıldı. Elə həmin il Atari şirkəti "Pong" oyununu təqdim edərək böyük maraq qazandı.
1991-ci ildə fərdi kompüterlər üçün məşhur strategiya oyunu "Civilization" buraxıldı. 1993-cü ildə id Software "Doom" adlı inqilabi oyununu təqdim etdi. "Doom", 3D qrafikasını təqdim edən ilk oyunlardan biri kimi tarixə düşdü və onlayn multiplayer oyunlarının əsasını qoydu.
Yeni əsr: PlayStation, Xbox və Wii-nin yüksəlişi
2000-ci illərin əvvəllərində Microsoft Xbox 360, Sony PlayStation 3 və Nintendo Wii kimi konsollar oyun sənayesində böyük irəliləyişlərə səbəb oldu. Xüsusilə, Nintendo Wii-nin hərəkət sensorlu nəzarətçisi oyun təcrübəsini daha interaktiv və əyləncəli etdi.
Bu dövrdə video oyunlar təkcə konsollarda deyil, həm də sosial media platformaları və mobil cihazlar vasitəsilə daha geniş auditoriyaya çatmağa başladı. Mobil oyunların populyarlaşması və onlayn multiplayer oyunların inkişafı sayəsində video oyun sənayesi qlobal miqyasda böyüməyə davam etdi.
Texnologiyanın sürətli inkişafı sayəsində video oyunlar hər gün daha yenilikçi və təsir edici olur. Bu gün oyunlar həm mobil cihazlarda, həm də konsollarda oynana bilər, geniş oyun dünyaları internet üzərindən əlçatan olur və oyunçular dünyanın hər yerindən bir-biri ilə əlaqə saxlaya bilirlər. Video oyunlar yalnız əyləncə vasitəsi kimi deyil, həm də sosial qarşılıqlı əlaqə, təhsil və yaradıcı ifadə üçün mühüm bir platformaya çevrilib.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
