"İncəsənətin inciləri rubrikası Qustav Kurbenin "A Burial at Ornans" əsərini təqdim edir.

Qustav Kurbe (1819–1877) məşhur fransız rəssamıdır. O, sənətdə realizm cərəyanının əsas nümayəndələrindən biridir. Kurbe rəsmlərində gündəlik həyatı, adi insanları və real hadisələri olduğu kimi təsvir edib. O, sənətdə gözəlliyi yox, həqiqəti göstərməyə çalışıb. Qustav Kurbe “A Burial at Ornans” (Ornanda dəfn) adlı bu tablonu 1849–1850-ci illərdə çəkib. Bu rəsmi çəkməyin səbəbi rəssamın əmisi Eugène Oudotun dəfn mərasimində iştirak etməsi olub. Kurbe həmin anı olduğu kimi, adi insanların hisslərini və kədərini göstərmək istəyib. Bu tablo realizm üslubunun güclü nümunələrindən biridir.
Tabloda kənd qəbiristanlığında toplaşmış çox sayda insan təsvir edilib. Onların hamısı qara geyinib və üzlərində kədər var. Ön planda keşiş, keşiş köməkçiləri və xaç daşıyan bir şəxs görünür. Tabloda bir açıq qəbir var, lakin mərhumun özü göstərilmir. Göy üzündə qaranlıq buludlar var, bu da kədərli ab-hava yaradır.
Bu tabloda qeyri-adi cəhət odur ki, Kurbe burada dini simvolları az göstərib. Əsas diqqət insanlara və onların üz ifadələrinə verilib. Tabloda heç kim idealizə olunmayıb. Hamı real və adi insanlardır.
“A Burial at Ornans” insan həyatının sonunu, ölümün qaçılmazlığını göstərir. Bu tablo insanlara həyatın keçici olduğunu xatırladır. O dövrdə insanlar bu rəsmi mübahisəli hesab edirdilər, çünki belə böyük ölçülü rəsmlər adətən qəhrəmanlıq və ya dini mövzular üçün istifadə olunurdu. Lakin Kurbe sadə kənd insanlarının yasını böyük sənət əsəri kimi təqdim edib.
Bu əsər insanlara adi həyatın da sənətdə böyük yer tutduğunu göstərdi. “A Burial at Ornans” realizm cərəyanında dönüş nöqtəsi oldu və sonralar bir çox rəssama ilham verdi. Kurbenin bu tablosu sənətdə həqiqət və səmimiyyətin nə qədər vacib olduğunu sübut etdi.
Hazırladı: Talehə Hüseynzadə
