Bu gün:

Google Glass nədir?


"Google Glass" eynək şəklində hazırlanıb və istifadəçilərə eynəklərinin içərisinə yerləşdirilən ekran vasitəsilə məlumatları birbaşa görmək imkanı verir. 

Android əsaslı cihaz olan bu eynək, artırılmış reallıq (AR) funksiyalarını təklif etməklə istifadəçilərin gündəlik həyatında rahatlıq təmin etməyi hədəfləyir. 2013-cü ildə satışa çıxarılan cihaz səsli əmrlərlə idarə oluna bilir və istifadəçilərə baş hərəkətləri eynəyi başa salmaq imkanını təqdim edir.


Yaradılışı

İlk olaraq, “Google”un X Laboratoriyası tərəfindən hazırlanıb. 2013-cü ildə “Explorer Edition” adı ilə satışa çıxarılan model texnologiya həvəskarları tərəfindən istifadə edilib. Bununla belə, cihaz şəxsi məxfilik problemləri və cəmiyyətdə yaratdığı narahatlıqlar səbəbindən geniş istifadəçi kütləsinə çatmayıb. Bundan sonra layihə 2015-ci ildə dayandırılıb.


2017-ci ildə korporativ istifadə üçün xüsusi olaraq “Glass Enterprise Edition” modeli hazırlanıb. Bu versiya əsasən sənaye və tibb sahələrində istifadə üçün nəzərdə tutulub. 2019-cu ildə isə onun yenilənmiş versiyası – “Glass Enterprise Edition 2” təqdim edilib. Lakin 2023-cü ildən etibarən cihazın satışı dayandırılıb və ona verilən dəstək sona çatıb.


İş prinsipi

Qurğu, Android əməliyyat sisteminə əsaslanır və səs əmrləri, jestlərlə idarə oluna bilir. Eynəyin yuxarı sağ tərəfində yerləşən ekran informasiyanı istifadəçilərin görmə sahəsinə mane olmayacaq şəkildə göstərir. Bu xüsusiyyət müxtəlif məlumatlara asan çıxışı təmin edir və istifadəçilərə ətrafları ilə əlaqə saxlamağa imkan verir. O, Wi-Fi və Bluetooth bağlantısı vasitəsilə internetə qoşula, şəkil çəkə, video çəkə və video zənglər edə bilər.


Cihazın dizaynı istifadəçinin tələblərinə uyğun olaraq müxtəlif funksiyalar təklif edir. Məsələn, baş hərəkətləri ilə səhifələrdə naviqasiya etmək və ya səsli əmrlərlə məktublara cavab vermək mümkündür.


Əsas xüsusiyyətlər

Foto və video çəkmə: Ani foto və video çəkməyə imkan verir və bu şəkillər asanlıqla başqaları ilə paylaşıla bilər.


Səs əmrləri: İstifadəçilər cihazı səs əmrləri ilə idarə edə bilərlər. Məsələn, zəng etmək və ya mesaj göndərmək.


Vizual bildirişlər: Real vaxt rejimində bildirişlər ekranda qəbul edilə bilər. Məsələn, görüş xatırlatmaları və ya uçuş məlumatı.


Tərcümə: Real vaxt rejimində tərcümə təmin etməklə dil maneələrini dəf etməyə kömək edir.


Video zəng: Siz baxdığınızı qarşı tərəfə göstərə və video zənglər edə bilərsiniz.


Miras və gələcək

Bu cihaz, artırılmış reallıq (AR) texnologiyasının gündəlik həyata inteqrasiyasında mühüm bir addım olub. Tam geniş yayılmasa da, onun bəzi innovativ xüsusiyyətləri digər taxıla bilən cihazlarda tətbiq edilməyə başlayıb. Microsoft HoloLens, Apple Vision Pro və Meta Quest kimi cihazlar bu sahədə irəliləyiş əldə etsə də, AR texnologiyasının kütləvi bazar tərəfindən tam mənimsənilməsi hələ baş verməyib.


Bu cihaz bir sıra sahələrdə istifadədə, xüsusilə tibb və sənaye sahələrində məhdud tətbiq tapıb. Əsasən, əllərini sərbəst saxlamağa ehtiyacı olan peşəkarlar üçün faydalı olub.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et