Bu gün:

"Mançester Siti" yeni transferi ilə uğura imza atıb


İngiltərə Premyer Liqasının 25-ci həftəsində "Mançester Siti" "Nyukasl Yunayted"i 4:0 hesabı ilə məğlub edib.Mövsümün ortasında "Siti"yə qoşulan Ömər Marmuş 14 dəqiqə ərzində het-trik edib.


İngiltərə Premyer Liqasının 25-ci turunda "Mançester Siti" "Nyukasl Yunayted"i qəbul edib.

Etihad stadionunda keçirilən oyunda meydan sahibləri “Siti” 4:0 hesabı ilə qalib gəlib.

Pep Qvardiolanın komandasına 3 xalı gətirən qolları 19, 24 və 33-cü dəqiqələrdə Ömər Marmuş və 84-cü dəqiqədə Ceyms Makati vurub.

Fasilə zamanı “Ayntraxt Frankfurt”dan “Mançester Siti”yə keçən misirli mərkəz hücumçusu Marmuş “het-trik”i ilə matça damğasını vurub.

Premyer Liqada ilk qolunu və ilk het-trikini qeyd edən 26 yaşlı Marmuş bu mövsüm ümumilikdə 23 qol vurub. Misirli futbolçu indiyədək 14 məhsuldar ötürmə edib.

Bu qələbə ilə "Mançester Siti" xallarını 44-ə yüksəldib, liqada ardıcıl ikinci məğlubiyyətini alan "Nyukasl Yunayted" isə xallarını 41-də saxlayıb.

Premyer Liqada liderlik uğrunda mübarizə aparan "Arsenal" səfərdə "Lester Siti"ni 2:0 hesabı ilə məğlub edib.

“Topçular”ın qollarını oyuna gec qoşulan Mikel Merino vurub.

Bu nəticə ilə xallarını 53-ə yüksəldən "Arsenal" əldə etdiyi bir oyunla lider "Liverpul"la xal fərqini 4-ə endirib.

Son 10 liqa oyununda 9-cu dəfə meydanı xalsız tərk edən “Lester Siti” 17 xalla aşağı liqa zonasında qalıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli



Paylaş
Şərh əlavə et