Bu gün:

"The problem we all live with"- Norman Rockwell


"İncəsənətin inciləri” rubrikası Norman Rockwellin "The problem we all live with" əsərini təqdim edir.

Norman Rockwell (1894–1978) Amerika incəsənətində realist təsvirləri və cəmiyyətin sosial problemlərinə incə toxunuşları ilə tanınan sənətkardır. O, əsasən, The Saturday Evening Post jurnalı üçün yaratdığı illüstrasiyalarla məşhurlaşıb. Rockwell gündəlik həyatın səmimi anlarını təsvir etməklə yanaşı, cəmiyyətdəki sosial ədalətsizlikləri də sənətinə gətirib. Rəssam 1960-cı illərdə Amerika cəmiyyətində baş verən vətəndaş hüquqları hərəkatından təsirlənərək 1964-cü ildə "The Problem We All Live With" əsərini çəkib. Bu tablo ölkədəki irqi ayrı-seçkilik probleminə güzgü tutan ən təsirli əsərlərdən biri kimi qəbul edilir.

Rockwell bu rəsmi 1964-cü ildə çəkib və Look jurnalında dərc etdirib. O, rəsmdə 1960-cı illərin başlarında ABŞ-da məktəblərin irqi ayrı-seçkilikdən azad edilməsi üçün aparılan mübarizəni əks etdirib. Əsərin ilham mənbəyi Luiziana ştatının New Orleans şəhərində baş verən tarixi hadisədir. 1960-cı ildə altı yaşlı afroamerikalı qız Ruby Bridges federal hakimiyyətin dəstəyi ilə ağlarla qarışıq təhsil sisteminə daxil olan ilk qaradərili uşaq olub. Ruby irqçi etirazlar və təhdidlərə baxmayaraq məktəbə getmək üçün hər gün federal marşalların müşayiəti ilə uzun yolu qət edirdi. Əsərdə diqqət mərkəzində ağ məktəb formasında, əlində kitab və karandaş qutusu tutan kiçik Ruby Bridges dayanır. Onu dörd federal marşal müşayiət edir. Maraqlıdır ki, marşalların yalnız bədənlərinin bir hissəsi görünür, başları təsvir olunmayıb. Bu detal diqqəti qıza yönəltmək üçün düşünülən sənətkarlıq üsuludur. Qızın üzündə qorxu əlaməti yoxdur. Onun baxışlarında inadkarlıq və məqsədə doğru addımlayan bir uşağın sadəliyi hiss olunur. Divarda yazılmış irqçi ifadələr və atılmış pomidor ləkələri rəsmin dramatik təsirini artırır. Bu detallar cəmiyyətin ayrı-seçkilik zehniyyətini və uşağın üzləşdiyi çətinlikləri simvolizə edir. Divarda yazılmış "nigger" sözü isə dövrün irqçi baxışlarına açıq etiraz kimi təqdim olunur.

Rockwell bu rəsmdə sadəcə bir uşağı deyil, cəmiyyətin ən dərin problemindən biri olan irqi ayrı-seçkiliyi təsvir edib. Ağ divara çırpılmış pomidor cəmiyyətin nifrətinin necə sərt və düşüncəsiz olduğunu göstərir. Marşalların güclü, sərt duruşu dövlətin hüquqi müdafiəsini göstərir. Onların görünməyən başları isə fərdi yox, sistematik müdafiəni simvollaşdırır. Qızın geyimi ağ rəngdir. Ağ rəng günahsızlıq və təmizliyi simvolizə edir. Bu uşaq sadəcə məktəbə getmək istəyir, amma onun addımı cəmiyyətdəki dərin problemləri üzə çıxarır. Marşalların qollarındakı sarı qolbaqlar dövlətin Ruby Bridgesin təhlükəsizliyini təmin etmək üçün göndərdiyi federal marşalları simvolizə edir. Bu, o dövrdə məktəblərdə irqi ayrı-seçkiliyə son qoymaq üçün məhkəmə qərarlarının icrasını göstərir. Sarı rəng diqqət və təhlükəsizliyi ifadə edir, qolbaqlarda "US Marshals" yazısı isə dövlətin qanuni müdaxiləsini vurğulayır.

"The problem we all live with" əsəri ABŞ-da vətəndaş hüquqları uğrunda mübarizənin simvolik sənət nümunəsinə çevrilib. Rockwell bu rəsmi ilə cəmiyyətdəki susqunluğa və ayrı-seçkiliyə etiraz etdi. O, irqçi davranışların təkcə fərdi deyil, sosial problem olduğunu vurğulayıb.

Bu rəsmdən sonra Ruby Bridges irqi bərabərlik hərəkatının simvollarından birinə çevrildi. Onun hekayəsi məktəblərdə izah olunub, Rockwellin əsəri isə 2011-ci ildə ABŞ prezidenti Barack Obama tərəfindən sərgilənib. Prezident Obama sərgi zamanı Rubyə: "Ruby, sən təkcə özün üçün deyil, bizim hamımız üçün yol açdın" sözlərini söyləyib.

Norman Rockwellin əsəri 60 ildən çox vaxt keçməsinə baxmayaraq, aktuallığını qoruyur. Bu tablo bizə cəmiyyətin gələcəyi üçün ayrı-seçkilikdən uzaq, bərabər bir mühit qurmağın vacibliyini xatırladır. Ruby Bridgesin cəsarəti və Rockwellin sənətindəki incə mesaj bizə göstərir ki, bəzən cəmiyyətin ən ağır yükünü uşaqlar daşıyır.

Rəssam bu əsəri ilə bizə tək bir sual verir: "Biz bu problemi həll edə biləcəyikmi?"

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et