Texnologiyanın və rəqəmsal dünyanın insan həyatına verdiyi üstünlüklər və rahatlıqlar danılmazdır. Lakin digər tərəfdən texnologiyanın nəzarətsiz və həddindən artıq istifadəsi insan həyatına mənfi təsir edəcək riskləri artırır.
İnternetin həyatımıza daxil olması ilə vərdişlərimizin və gündəlik həyatımızın böyük bir hissəsi dəyişdi, gözümüzü və diqqətimizi ekranlardan ayırıb üz-üzə ünsiyyət qurmaq getdikcə çətinləşdi.
Rəqəmsal dünya uşaqlara və yeniyetmələrə daha çox təsir edir. İnkişaf prosesi hələ də çox sürətli olan bu yaş qruplarında psixoloji travma, mənfi şəxsiyyət inkişafı, tənhalıq, yadlaşma və sosial hadisələrə qarşı laqeydlik kimi davranış problemləri çox təhlükəli səviyyələrə çata bilər.
Rəqəmsal dünyanın intensiv istifadəsi:
1. Faktları yadda saxlamağı çətinləşdirir.
2.Tənhalıq və qısqanclıq hissini artırır.
3.Bəzi gənclərdə intihar riskini artıra bilər.
4.Ünsiyyət qurma qabiliyyətini zədələyir.
5.Xroniki yuxusuzluğa səbəb ola bilər.
6.Dərin düşünməkdən və təhlil etməkdən yayındırır.
Rəqəmsal asılılıq
İnternet və texnologiya asılılığı bir çox digər asılılıqlar kimi, texnologiyaya və ya internetə çıxış olmadıqda məhrumiyyətin hiss olunduğu bir vəziyyət olaraq təyin olunur. E-poçtlarınızı yoxlamadan yaşaya bilmirsinizsə, smartfonunuzla yatıb oyanırsınızsa, sosial mediada uzun saatlar keçirirsinizsə, bu rəqəmsal asılılığın başladığını göstərir. Bunun həlli isə rəqəmsal detoksdur.
Rəqəmsal detoks nədir?
Rəqəmsal detoks ümumi bilinən detoks anlayışından heç bir fərqi yoxdur və əsas məqsəd zərərli olanlardan xilas olmaq və balanslaşdırmaqdır. Yuxarıda təsvir olunan problemlərdən qaçmaq və texnologiyadan idarə olunan şəkildə istifadə üçün rəqəmsal detoks son illərdə bir trend halına gəlib.
Rəqəmsal detoks necə edilməlidir?
Rəqəmsal detoksa başlamazdan əvvəl vaxt müddətini özünüz müəyyənləşdirin. İlk məqsədiniz rəqəmsal detoksa bir gün və ya daha yaxşısı iki günlük həftəsonunu həsr etmək ola bilər. Sonra, bu detoksu müntəzəm olaraq edin; Məsələn, ayda bir həftə sonu kimi həyatınıza daxil edə və gələcəkdə genişləndirə bilərsiniz. Vaxt intervalını və tezliyini öz ehtiyaclarınıza uyğun olaraq müəyyən etmək vacibdir.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Fatimə Hüseynova