Bu gün:

"Nighthawks"- Edvard Hopper


"İncəsənətin inciləri" rubrikası Edward Hopperin "Nighthawks" əsərini təqdim edir. 

Edward Hopper (1882-1967) amerikalı realizm cərəyanının ən tanınan nümayəndələrindən biridir. O əsasən şəhər həyatı, tənhalıq və izolyasiya mövzularını öz əsərlərində təsvir edib. Hopper Nyu-York şəhərində doğulub və 1900-cü illərin əvvəllərində Nyu-York İncəsənət məktəbində təhsil alıb. İlk işləri kommersiya illüstrasiyalar olsa da, daha sonra rəngkarlığa yönəlib. Onun əsərləri realist üslubu və emosional dərinliyi ilə seçilir.

Hopper 1924-cü ildə rəssam Josephine Verstille Nivison ilə evlənib. Onun həyat yoldaşı həm də modellərindən biri olub və karyerasında böyük rol oynayıb. Hopperin əsərlərində tez-tez müşahidə olunan boşluq və tənhalıq hissləri müasir şəhər həyatının simvoluna çevrilib.

"Nighthawks" rəssamın 1942-ci ildə yaratdığı ən məşhur əsəridir. Bu əsəri yaratmaqda Hopperə ilham verən əsas məqam Nyu-York şəhərində gecə vaxtı kafe və restoranların sakit mühitində müşahidə etdiyi mənzərələr olub. Əsərin adı "Nighthawks" (Gecə şahinləri) içərisindəki fiqurların kəskin üz cizgiləri ilə əlaqələndirilib.

Rəsmdə şəhərin sakit gecə vaxtında böyük şüşəli pəncərələri olan bir kafedə oturan dörd nəfər təsvir edilib. Bu kafedə bir cütlük, tənha bir kişi və arxa tərəfdə işləyən barmen görünür. Küçədə heç bir insan və avtomobil yoxdur. Şəhər adətən izdihamlı olsa da, Hopper burada tamamilə boş bir atmosfer yaradıb.

İşıqlandırma kafeni ətrafdan ayıraraq onu təcrid olunmuş bir məkana çevirir. İstifadə olunan rənglər, xüsusilə sarı və yaşıl tonları əsərə həm isti, həm də soyuq bir hiss bəxş edir. İnsan fiqurları sakit və tənhalıq dolu bir əhval-ruhiyyə ilə təsvir olunub.

"Nighthawks" əsəri müasir həyatın tənhalığını və şəhər insanının izolyasiyasını simvolizə edir. Hopperin bu əsəri sonradan pop mədəniyyətində və incəsənət tarixində böyük təsirə malik olub. Hazırda əsər Çikaqodakı İncəsənət İnstitutunda sərgilənir və realizm cərəyanının ikonası hesab edilir.

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et