Bu gün:

Tərznamə: 2025-ci ildə ayaqqabı dünyasında hansı trendlər ön planda olacaq?


24Media.az “Tərznamə: Zövqünüzün güzgüsü” adlı yeni rubrikasını təqdim edir!

Tərznamə rubrikası olaraq məqsədimiz yalnız geyim tərzləri haqqında danışmaq deyil, həm də modanın ruhunu hiss etdirməkdir. Bu rubrikada stil, zövq, individualizm və özünəməxsusluq ön planda olacaq. Sizi həm klassik, həm də modern dəb dünyasında unikal bir səyahətə çıxaracağıq.  

Yeni mövsüm trendlərindən tutmuş tarixi moda ikonalarının ilhamverici hekayələrinə, minimalizmdən maksimalizmə qədər hər zövqə uyğun mövzular sizi gözləyir. Unutmayın, moda yalnız geyim deyil, bu, sizin özünüzü ifadə etmə yolunuzdur.

Ayaqqabı yalnız rahatlıq və funksionallıq üçün deyil, eyni zamanda daxili dünyamızın əksi və özümüzü ifadə etməyin bir yoludur. 2025-ci ilin ayaqqabı trendlərində yeni və diqqətçəkən dəyişikliklər olsa da, əvvəlki ildən qalma bəzi üslublar da öz aktuallığını qoruyacaq.

Bu il klassika və modernizmin ahəngdar şəkildə birləşməsi gözlənilir. Gəlin, ön planda olacaq trend detallarına nəzər salaq!

1. “Peep-Toe Shoes”və ya burnu açıq ayaqqabılar

Dövrün ən çox danışılan trendlərindən biri—burnu açıq ayaqqabılar geri qayıdır! 2000-lərin ən müzakirə olunan parçalarından biri olan peep-toe 2025-ci il moda səhnəsində yenidən canlanır. Bu tendensiyanı ilk olaraq Prada və Miu Miu-nun yaz-yay kolleksiyalarında gördük. Daha sonra Khaite və Acne Studios da bu üslubun qayıdışını təsdiqlədi.

Peep-toe modelləri, xüsusilə, incə dabanlı və ya platformalı versiyaları ilə həm gündəlik, həm dəxüsusi kombinlər üçün ideal seçim olacaq.

2. Mary Jane

Dövrün ən əvəzolunmaz ayaqqabılarından sayılan Mary Janelər 2025-də də aktuallığını qoruyur. İllərdir Mary Jane ayaqqabılarını trend edən Charles and Keith 2025 Yaz-Yay kolleksiyasında yenidən bu parçaya önəm verib. İllərdir öz tərzini qoruyub saxlayan ayaqqabılar artıq əsrin ən simvolik parçalarından biridir.

3. Qara və ya dikdaban loferlər


Günümüzdə loferlər ən rahat ayaqqabılardan biri sayılır. Klassik və elegant görünmək istəyən, lakin rahatlıqlarını qoruyub saxlayan insanların seçimi olan loferlər bu ildə dəbdədir. Bir neçə il əvvəl olduğu kimi, bu ildə 2025 Yaz-Yay kolleksiyalarının ən önəmli parçası loferlərdir deyə bilərik. Miu miu, Vince, Prada, Dries van Noten, Loewe kimi moda evləridə bu trendə qoşulanlar siyahısındadırlar.

4. Metal ayaqqabılar

Keçən il olduğu kimi, bu il də ekstravaqant detallarla zəngin üslublar dəbdədir. Əgər əvvəlki mövsümlərdə vurğu əsasən aksessuarlar və çantalara yönəlmişdisə, 2025-ci ildə diqqət mərkəzində məhz ayaqqabılar olacaq. Miu Miu, Reformation, Tom Ford, Manolo Blahnik, Zara, Mango, Chloé və Jacquemus kimi aparıcı brendlər bu trenda qoşulub.

Bu il hər şey parlayacaq! Metalik çalarlar, kristallar və parlaq detallar ayaqqabılarda öz əksini tapacaq. Elə Rihannanın dediyi kimi: “Shine bright like a diamond” – “Brilyant kimi parla!”

5. “İnvisible shoes” və ya görünməz ayaqqabı

Təbii ki, bu, bir məcazdır! Ayaqqabılar görünməz deyil, amma şəffafdır. Şəffaf ayaqqabılar moda dünyasında ilk dəfə trend olmur, lakin dizaynerlər bu material üzərində daim yeni eksperimentlər aparırlar.

2025-ci ildə isə diqqət şəffaf dabanlara yönələcək. Bu üslub həm rahat, həm cazibədar, həm də uzunömürlüdür. Xəyal kimi səslənsə də, bu, reallıqdır – moda aləmində şəffaflıq daha da güclənir!


Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et