Sənət bir millətin ruhudur, onun tarixini, mədəniyyətini və dəyərlərini yaşadan əbədi salnamədir. Azərbaycan sənəti əsrlər boyu xalçamızın naxışlarında, boyaq çalarında və hər bir incə toxunuşda öz ruhunu əks etdirib. Xalqımızın təbiəti ilə iç-içə olan bu mədəniyyət xəzinəsi sənətkarlıqla qarışaraq bənzərsiz bir dünya yaradır.
Bu ilhamverici ruh məhz Azərbaycan təbiətinin rənglərində, onun bərəkətli torpaqlarında yetişən meyvələrdə də öz əksini tapır. Milli dəyərlərdən ilham alaraq sənət yolunda addımlayan biri ilə tanış olmaq bizim üçün böyük sevincdir. Bu səbəbdən budəfəki qonağımız rəssam Samirə Allahverdiyevadır.
Keçmişlə gələcəyin körpüsü - "Zamanın Salnaməsi"
Müsahibimiz bildirib ki, "Zamanın Salnaməsi" sərgisinin yaranması ideyası onun Azərbaycan mədəniyyətinə olan dərin sevgisindən qaynaqlanır: "Mənim məqsədim tarixi irsimizin gözəlliyini müasir baxış bucağında təqdim etməkdir. Bu sərgi vasitəsilə xalça sənətimizi, milli naxışlarımızı, qədimdən bəri bizə miras qalmış rəng harmoniyalarını bir araya gətirdim. "Zamanın Salnaməsi" sərgisi sadəcə keçmişi əks etdirmək üçün deyil, həm də gələcəyə doğru mədəniyyət körpüsü qurmaq məqsədi ilə hazırlanıb. Azərbaycanın qədim mədəniyyətini gələcək nəsillərə çatdırmaq və onun dünyaya tanıdılması mənim ən böyük arzularımdan biridir".
Rənglərin sehri və naxışların dili
Samirə Allahverdiyeva qeyd edib ki, xalçamız və milli naxışlarımız sərginin əsas ilham mənbəyidir. Hər bir naxış, hər bir simvol Azərbaycanın tarixinə və mədəniyyətinə dair öz hekayəsini danışır: "Bu hekayələr nəsildən-nəslə keçərək bizi milli köklərimizə bağlayır. Mən bu naxışların təbiətini və ruhunu daha təsirli şəkildə sənətimdə əks etdirməyə çalışdım".
Taclı möcüzə: Nar
Sərginin əsas simvollarından birinin nar olduğunu bildirən S. Allahverdiyeva əlavə edib: "Nar Azərbaycanın bərəkət və ruzi rəmzidir. Hər bir dənəsi birliyin simvolu olan nar mənim üçün xüsusi əhəmiyyət daşıyır. Torpağımızın yetişdirdiyi bütün meyvələr dəyərlidir, lakin nar öz tacı ilə bütün meyvələr arasında fərqlənir. Bu tac onun həm qədim ənənələrdə, həm də mədəniyyətimizdə xüsusi yer tutduğunu göstərir".
Rəssamların ruhuna heyranlıq
Rəssamları və onların rəng dünyasını konkret olaraq ayıra bilmirəm, çünki hər birinin sənətində özünəməxsus bir sehr var. Sevdiyim rəssamlar çoxdur. Onların hər birini janrlarına və fərqli üslublarına görə qiymətləndirirəm. Sənət əsərlərinin yaratdığı hisslər mənim üçün ən böyük ilham mənbəyidir.
O, hal-hazırda növbəti kolleksiyası üzərində çalışdığını da vurğuladı: "Nar və əncir simfoniyası". Bu kolleksiya torpağımızın bərəkət simvolu olan bu iki meyvənin harmoniyasını əks etdirəcək. Narın dərin qırmızı rəngi ilə əncirin təbii yumşaqlığı bir sənət simfoniyasına çevriləcək.
Sonda müsahibimiz gənc rəssamlara uğur qazanmaq üçün tövsiyələrini də bildirib:
"Yalnız öz yolunu tapan rəssam həqiqi sənət yarada bilər".
Gənc rəssamlara uğur qazanmaq üçün daim öz üzərlərində çalışmağı tövsiyə edərəm. İrəli getmək, sənətdə zirvələri fəth etmək yalnız əzm və dayanmadan çalışma ilə mümkündür.
Rəssam üçün ən əsas məsələ öz yolunu tapmaqdır. Kiməsə, hansısa rəssama oxşamağa çalışmaq əvəzinə, öz daxili dünyanızı və üslubunuzu kəşf etmək daha qiymətlidir. Çünki yalnız öz yolunu tapan rəssam həqiqi sənət yarada bilər.
Talehə Hüseynzadə