
"Minority Report" (Azlıq Hesabatı 2002) – cinayətlərin baş verməzdən əvvəl qarşısını almağa çalışan bir sistemin etik, hüquqi və sosial nəticələrini araşdıran maraqlı elmi fantastika filmidir. Rejissor Stiven Spilberqin çəkdiyi bu film, Philip K. Dick-in eyniadlı hekayəsi əsasında hazırlanıb. Ekran əsəri, gələcəkdə cinayətlərin əvvəlcədən necə müəyyən edilə biləcəyi və bu yanaşmanın hüquqi sərhədlərinin necə qurulmalı olduğu barədə dərin suallar ortaya qoyur.
2054-cü ildə baş verən hadisələri əks etdirən "Azlıq Hesabatı" filmi, Vaşinqtonda "PreCrime" adlı sistemin tətbiqini təsvir edir. Bu sistem, gələcək cinayətləri öncədən proqnozlaşdırmaq üçün "PreCogs" adlanan üç peyğəmbərdən istifadə edir. Polis qüvvələri isə bu proqnozlara əsaslanaraq cinayətkarları cinayəti törətməzdən əvvəl həbs edir. Nəzəri baxımdan mükəmməl görünən bu sistem, iradə azadlığı, fərdi hüquqlar və ədalət prinsipləri ilə bağlı ciddi suallar doğurur.
Texnologiya və qanun: Cinayət törədilməzdən əvvəl cəzalandırmaq mümkündürmü?
Filmin əsas suallarından biri budur: İnsan yalnız gələcəkdə cinayət törədəcəyi proqnozlaşdırıldığı üçün günahkar sayıla bilərmi? Günümüzdə süni intellektlə dəstəklənən cinayət proqnozlaşdırma sistemləri getdikcə geniş yayılsa da, bu texnologiyaların nə dərəcədə etibarlı olduğu və onların etik sərhədləri hələ də böyük müzakirə mövzusudur.
İnsanlar gələcəkdə cinayət törətməkdə günahlandırılmalıdırlar, yoxsa onlar öz iradələri ilə fərqli seçimlər edə bilərlər?
Səhv qərarlar və ədalət: "PreCrime" sistemi tam qüsursuzdurmu? Əgər bir insan hələ cinayət törətmədiyi halda günahkar elan edilirsə, bu, hansı haqsızlıqlara səbəb olur?
Film, günümüzdə texnologiyanın inkişafı ilə daha real görünən bir ideyanı təsvir edir. Artıq cinayətləri proqnozlaşdırmaq üçün böyük məlumat analizi, üz tanıma sistemləri və süni intellektlə işləyən proqnozlaşdırma modelləri istifadə olunur. Lakin bu sistemlərin sui-istifadə riski yüksəkdir və onların hüquqi sərhədləri hələ də tam müəyyən edilməyib.
"Minority Report" texnologiyanın qanun və etika ilə necə ziddiyyət təşkil edə biləcəyini göstərən maraqlı bir filmdir. Burada texnologiyanın təhlükəsizliyi təmin etmək adı altında fərdi azadlıqları necə təhdid edə biləcəyi göstərilir.
Gələcəkdə cinayətin proqnozlaşdırılması texnologiyaları nə qədər təkmilləşsə də, hüquqi sərhədlərin müəyyən edilməsi və fərdi azadlıqların qorunması böyük əhəmiyyət kəsb edir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
