24media.az-ın budəfəki müsahibi təhsil eksperti Elçin Süleymanovdur. O, universitetlərdəki xarici dillərin tədrisindən danışıb.
-Ali təhsil müəssisələrində xarici dil dərslərinin keçirilmə keyfiyyəti nə dərəcədə effektivdir?
Xarici dil bacarıqları günümüzün zəruri bacarıqları hesab edilir. Artıq qloballaşma dövründə ali təhsilli bir mütəxəssisin ən azı bir xarici dildə ünsiyyət qurma bacarığı mütləqdir. Universitetlərdə iki istiqamətdə təhsil var. Onlardan biri ingilis dilli tədris olunan ixtisaslardır. Hansı ki, qəbul prosesi zamanı xarici dildən ən azı 40 bal toplanması mütləqdir. Və daha sonra abituriyentlər təhsili ingilis dilində seçə bilər. Azərbaycan və rus dili sektorunda oxuyanlar üçün isə xarici dil həftədə müəyyən saat keçirilir. Əsasən, ilk kurslarda 6 saat, sonraki tədris prosesi boyunca 20 saat olmaqla keçirilir.
Sizcə, dərslərdə müəllimlərin tədris üsulları və təcrübələri tələbələrin dil öyrənmə motivasiyasını nə qədər artırır?
Xarici dilin tədrisi 4 il boyunca yetərsiz kimi görünə bilər. Ancaq xarici dildən test tapşırıqlarını cavablandıraraq qəbul olan tələbə, təbii ki, özü də öz xarici dil bacarıqlarını inkişaf etdirməlidir. Artıq universitetlərimizdə bu bacarıqları inkişaf etdirməkdən, xarici dil səviyyəsinin tədrisini artırmaqdan ötrü Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən dəstək proqramları həyata keçirilir. British Council və müxtəlif qurumlar buna misal ola bilər. Universitetlərin hamısında yüksək səviyyədə xarici dili tədrisinin olmasını deməyimiz düzgün olmaz. Amma əksəriyyətində artıq ənənəvi metoddan çox, aktiv və hiperaktiv metodlar keçirilir. Yəni ingilis dili və digər xarici dil müəllimlərinin səviyyəsi, keyfiyyəti yüksək, xaricdə təhsil almış şəxslərdir. Son illərdə gənclərimizin xaricdə təhsil proqramlarında iştirak etməsini, öz dil bacarıqlarını kifayət qədər artırdıqlarını müşahidə edirik. Bu da onların dil bacarıqlarını artırmasında müstəsna rol oynayır.
Türkanə Meşədiyeva