2025-ci ilin yanvarında Çin tərəfindən hazırlanmış Eksperimental Qabaqcıl Superkeçirici Tokamak (EAST) adlı füzyon reaktoru yeni dünya rekordu qırıb. Reaktor plazma vəziyyətini 1066 saniyə ərzində sabit saxlayaraq, nüvə sintezinin təmiz və qeyri-məhdud enerji mənbəyi kimi inkişafında əhəmiyyətli bir mərhələni nümayiş etdirib.
EAST layihəsi, Günəşin nüvə sintezi prosesini təqlid edərək tükənməz enerji mənbəyi yaratmağı hədəfləyir. Günəşdə nüvə birləşməsi nəticəsində böyük miqdarda enerji yaranır və EAST bu prosesi yer şərtlərində həyata keçirmək üçün çalışır. Bundan əlavə, layihə Günəş sistemi xaricində kəşfiyyat üçün yeni imkanlar yarada bilər.
Bu cür texnologiyalar 70 ildən çoxdur ki, elmi araşdırmaların əsas mövzusu olsa da, aşağıdakı çətinliklər bu məqsədə çatmağı çətinləşdirib:
Temperatur: Füzyon prosesinin baş verməsi üçün plazmanın temperaturu 100 milyon dərəcə Selsidən yuxarı olmalıdır. Bu, Günəşin nüvəsindəki temperaturdan dəfələrlə yüksəkdir və belə ekstremal şəraitin yerüstü şərtlərdə yaradılması və idarə olunması böyük texnoloji çağırışlar doğurur.
Sabitlik: Plazmanın uzun müddət ərzində sabit qalması lazımdır.
Hefei Fizika Elmləri İnstitutunun (HFIPS) rəhbərlik etdiyi EAST, 2023-cü ildə 403 saniyəlik bir rekord müəyyən edib. Lakin yeni rekord bu rəqəmi üç dəfədən çox üstələyərək füzyon tədqiqatında böyük bir irəliləyiş göstərib.
Layihə üzrə mühüm təkmilləşdirmələr bunlardır:
İstilik Sistemi: Təxminən 70.000 məişət mikrodalğalı soba gücündə işləyən sistem yenilənib, bu da güc çıxışını iki dəfə artıraraq daha sabit və davamlı iş rejimi təmin edib.
Yeni Texnologiyalar: Plazmanın idarə olunması və sabitliyinin qorunması üçün sistemlər optimallaşdırılıb.
Yekun olaraq, EAST layihəsi həm elmi uğur, həm də təmiz enerji üçün böyük bir ümid işığıdır. Füzyon texnologiyasının inkişafı, tükənməz və ekoloji cəhətdən təmiz enerji mənbələrinə doğru böyük bir addımdır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli