Bu gün:

Şüuraltının gücü


Əksər insanlar beynimizin iki ümumi şəkildə fəaliyyət göstərdiyindən xəbərdardır – şüurlu və şüuraltı. Şüurlu zehin gündəlik fəaliyyətlərimizi idarə edir. Maşın sürmək, qeyd yazmaq və ya yemək yemək kimi fəaliyyətlər şüurlu zehnin nəzarətindədir. Beynimiz müəyyən hərəkətləri etmək üçün əzələlərimizə birbaşa təlimatlar göndərir.

Şüuraltı zehin isə daha sirli bir yerdir. Onun tam olaraq nə etdiyini izah etmək çətindir, çünki təbiətinə görə səhnə arxasında işləyir. Biz bilirik ki, şüuraltı zehin davranışlarımızda böyük təsir gücünə malikdir, lakin onun nələrə təsir edə biləcəyi hələ də müəyyən qədər sirr olaraq qalır. 

Bu yazıda şüuraltı zehnin dörd az tanınan sirrinə nəzər yetirəcəyik.

1. Şüurlu zehindən oğurlanma

Avtomobil sürməyin şüurlu zehin tərəfindən idarə olunduğunu dedikdə bunu bir açıqlama ilə qeyd etməliydik. Əvvəldə avtomobil sürmək tamamilə şüurlu zehnimiz tərəfindən idarə olunur. Lakin zaman keçdikcə və təcrübə qazandıqca avtomobil idarə etmək üçün tələb olunan hərəkətlər yavaş-yavaş şüuraltıya keçir. Artıq debriyajdan istifadə etmək, sürəti dəyişmək və ya zolaq dəyişməni siqnalla bildirmək üçün şüurlu düşüncə tələb olunmur. Bu hərəkətlər artıq ikinci təbiətimizə çevrilir və şüuraltı zehin tərəfindən idarə olunur.

2. Davranışlarımızı idarə edir

Gündəlik həyatımıza diqqətlə baxsaq, gün ərzində nə qədər çox qərar verdiyimizin fərqinə vararıq. Düşünmədən etdiyimiz hərəkətlər, əslində, şüuraltı zehnimiz tərəfindən verilən qərarlardır.

Məsələn, yatmazdan əvvəl dişlərimizi fırçalamağı seçmək buna gözəl bir nümunədir. Əgər bu işi vərdiş halına gətirmişiksə, o, tezliklə şüuraltı bir fəaliyyətə çevriləcək.

3. Bizə inanc verir 

Çətin və ya narahatlıq yaradan bir vəziyyətlə qarşılaşdıqda çox vaxt bizə bunu edə biləcəyimizi söyləyən şüuraltı zehnimiz olur. Həyatımız boyunca şüuraltımız keçmişdə uğur qazandığımız anları yığıb saxlayır və lazım olduqda onlardan istifadə edir.

Hətta əvvəllər heç qarşılaşmadığınız bir vəziyyətlə üzləşsək belə, şüuraltımız bizə irəliləməyi təlqin edə bilər, çünki o daha əvvəl yeni bir maneəni dəf etdiyimiz anları xatırlayır. Buna görə də özümüzü davamlı olaraq narahat vəziyyətlərə salmaq vacibdir – belə vəziyyətlərdə özünə inam daha vacibdir.

4. Meditasiya vasitəsilə əldə edilə bilər

Şüuraltını tam olaraq müəyyən etmək çətin olsa da, müntəzəm meditasiya təcrübəsi vasitəsilə ona daha yaxın olmaq mümkündür. Meditasiya edərkən zehnimiz gündəlik həyatın “səs-küyünü” kəsərək daxili sakitlik tapır. Məhz bu sakit anlarda şüuraltımızın bizə nə söylədiyini daha güclü hiss edə bilərik.

Mənbə: Operation Meditation 

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et