Bu gün:

Robotlar insan astronavtları əvəz edə bilərmi?


24media.az saytının budəfəki müsahibi Analitik Mühəndis Natiq Məmişovdur. O, robotların insan astronavtları əvəz edə biləcəyi ilə bağlı olan fikirlərə aydınlıq gətirib. 


Robotlar daha sərfəli və təhlükəsizdir


-Son altmış ildə robotik zondlar Günəş sisteminin müxtəlif nöqtələrinə göndərilib. Lakin insanlar yalnız Yer ətrafı orbit və Ay səthinə səyahət edə biliblər və bu vəziyyət robotların daha sərfəli və təhlükəsiz olduğu fikrini gücləndirir. Mənim fikrimcə, robotlar kosmosun sərt mühitində uzun müddət qalmaq üçün daha uyğun ola və insan həyatını riskə atmadan müxtəlif missiyaları yerinə yetirə bilərlər.

 
Robotların insanın göstərdiyi adaptivliyi göstərməsi hələ mümkün deyil


Bir robot bütün şahmat hərəkətlərini öyrənsə də, qeyri-adi vəziyyətlərlə qarşılaşdıqda insanın göstərdiyi adaptivliyi göstərməsi hələ mümkün deyil. İnsanlar çətin vəziyyətlərdə qərar verərkən daha çevik və düşüncəli olurlar. Robotlar isə yalnız əvvəlcədən verilmiş proqramlara əsaslanır və bəzən yeni vəziyyətlərdə maneə ilə qarşılaşa bilərlər.


Kosmosda mühüm analitik düşüncə və müşahidələrə əsaslanaraq insanlar daha yaxşı qərarlar verə bilərlər. Həmçinin robotlar sürətlə məlumatları toplayıb analiz etsələr də, bəzi hallarda onların qərarları insanın təcrübə və intuisiyasına əsaslanmayacaq.


Robotlar kosmosda uzun müddət fəaliyyət göstərmək üçün daha az ehtiyaca malikdir və onlar ağır sistemlərdən və qoruma tədbirlərindən asılı olmadan işləyə bilər. Lakin insan astronavtlarının həyatını qorumaq üçün daha inkişaf etmiş və kompleks sistemlərə ehtiyac var və bu da böyük maliyyə yükü yaradır.


Ümumilikdə, robotların kosmosda insan astronavtları tamamilə əvəz etməsi mümkün olmasa da, gələcəkdə insanlar və robotlar birgə fəaliyyət göstərərək daha effektiv və təhlükəsiz kosmos araşdırmaları apara bilərlər. Robotlar missiyaların texniki tərəflərini həyata keçirərkən insanlar daha strateji və adaptiv qərarlar qəbul edəcəklər. Bu əməkdaşlıq kosmos araşdırmalarının daha irəliləyişli olmasına gətirib çıxara bilər.


Mina Yadigarlı

Paylaş
Şərh əlavə et