Kaliforniyanın cənubunda günlərdir davam edən yanğın sığortaçıları və zərərçəkənləri narahat etməyə davam edir. Dağılan evlər, yanan mülklər və digər bütün sığorta ödənişləri üçün milyardlarla dollar tələb olunduğu halda sığorta qurumu tərəfindən sadəcə 377 milyonluq büdcə ayrılıb.

Los-anceles yanğınlarının Kaliforniyada həyatı necə dəyişəcəyini demək hələlik qeyri-mümkündür. Problem böyükdür və yanğın söndürüldükdən sonra da həcmini qoruyub saxlayacaq, problemi həll etmək üçün güclü bir strategiyaya riayət etmək vacibdir.
Əsas məsələ iqtisadi məsələdir. Zərərçəkən əhali, yanmış mülklər və daha başqa şeylər üçün ödəniş gözlənilir. Bu ödənişlər 1968-ci ildə ştat qanunvericiliyi tərəfindən təsis olunan Kaliforniya FAİR planı tərəfindən həyata keçirilməlidir, lakin tələb olunan məbləğ planın büdcəsindən qat-qat çoxdur.
The New York Times bildirir ki, Kaliforniyanın Demokrat senatoru Aleks Padillanın ofisinin keçən cümə gününə olan məlumatına görə, FAIR planında iddiaları ödəmək üçün cəmi 377 milyon dollar var. Planın nə qədər iddialarla üzləşəcəyi hələ məlum deyil, lakin indiyə qədər yanğınlardan sığortalanmış ümumi itkilərin 30 milyard dollara qədər olduğu təxmin edilir. Yanğınlar hələ də davam etdiyi üçün bu rəqəm arta bilər.
Adi sığorta şirkətlərindən fərqli olaraq, FAIR planı yalnız həssas ərazilərdə olduqları üçün evləri əhatə etməkdən imtina edə bilməz. Nəticədə, meşə yanğınları riski artdıqca, böyük sığortaçılar tərəfindən çox təhlükəli hesab edilən evlər FAIR planının kitablarına yığılır.

2020 və 2024-cü illər arasında planın əhatə etdiyi evlərin sayı iki dəfədən çox, dəyəri isə üç dəfə artaraq təxminən yarım trilyon dollara çatan yarım milyon mülkə çatıb.
FAİR planının büdcəsi kifayət etmədiyi halda sığortaçı əhaliyə kompensasiya ödənişi etmək üçün təkrarsığortadan istifadə edə və ya digər yerli sığorta şirkətlərindən xüsusi büdcə tələb edə bilər.
Hazırladı: Səidə Abasova
