Bu gün:

“Onlarla hər söhbət mənim üçün bir dərsdir” - gənc aktrisayla MÜSAHİBƏ


24Media-nın budəfəki müsahibi "Yuxu kimi" serialının gənc, istedadlı aktrisası Ləman Abbaszadədir.


Ləman xanım, zəhmət olmasa, özünüzü təqdim edin.

- Abbaszadə Ləman Zamil qızı, 20 yaşım var. Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər və jurnalistika" ixtisasının 3-cü kurs tələbəsiyəm.

Jurnalistika ixtisasında təhsil aldığınız halda aktrisa kimi fəaliyyət göstərməyinizə səbəb nədir?

- Anamın Gəncə Dövlət Dram Teatrında işləməsi mənim teatra olan bağımı yaratdı. İncəsənətə sevgim 6 yaşımdan başlayıb. Erkən yaşlarımdan teatr səhnəsində bir çox tamaşalarda, ölkədaxili və xarici səfərlərdə iştrak etmişəm. Bu sevgim və həvəsim böyüdükdən sonra daha da güclənib.

Aktrisa olmağınıza ailənizin münasibəti necə oldu? Onların dəstəyini hiss edirsinizmi?

- Əlbəttə, elə ən böyük dəstəkçim anamdır.

Siz "Yuxu kimi" serialı ilə tanındınız, sevildiniz. Seriala gəlişiniz necə oldu?

- Serialımızın quruluşçu rejissoru Rövşən İsaxla ilk tanışlığımız "Vicdan haqqı" serialında yaranıb. Burada epizodik rolda yer almışdım. Daha sonra elə həmin serialın sponsor reklamında da iştirak etdim. Nə xoş ki, sevimli rejissorum məni unutmayıb. Sonra isə "Yuxu kimi" serialının sınaq çəkilişinə dəvət aldım və seçildim.

Peşəkar aktyor və aktrisalar ilə bir səhnəni bölüşmək sizə nələri qazandırdı?

- İncəsənət sahəsində təhsilim olmasa da, məhz onların sayəsində bu biliklərə praktiki olaraq yiyələndim. Həmçinin ustadlarla bir səhnəni bölüşmək mənim üçün çox qürurvericidir.

Aktrisa kimi özünüzü inkişaf etdirmək üçün nələr edirsiniz?

- Elə səhnə ustaları ilə bərabərəm ki, onlarla hər söhbət mənim üçün bir dərsdir. Əlavə olaraq həm yerli, həm də xarici filmləri izləyirəm. Aktyorun oyununu, aktyorun düşdüyü hər situasiyanı diqqətlə izləyirəm.

Tənqidlə münasibətiniz necədir? Sizi ən çox nəyə görə tənqid edirlər?

- Tənqidlə çox üzləşmirəm. Bəzən olur ki, obrazın saflığı, öz sözünü deyə bilməməsi insanlarda qıcıq yaradır, lakin biz rejissorun və ssenaristin dediyini yaratmağa çalışırıq. İndiyədək sərt şəkildə tənqidlə çox şükür ki, üzləşməmişəm. Tənqid tamaşaçının fikridir, hörmətlə yanaşıram.

Keçmiş filmlərimizi sevirsinizmi?

- İnanmıram ki, keçmiş filmlərimizi izləməyən olsun. Bəzilərini yenidən izləyəndə ilk izləyirəmmiş kimi təəssürat yaranır. "O olmasın, bu olsun", "Əhməd haradadır?", "Görüş" filmlərini daha çox bəyənirəm.

Çəkiliş zamanı yaşanmış maraqlı xatirələrinizdən birini bölüşə bilərsinizmi?

- Çəkiliş zamanı belə hadisələr çox olur, birini deyəcəm. Bir səhnəmiz var idi, atama su gətirməli idim. Məşq prosesində hazır qoyulmuş su soyuq idi. Motor verildikdən sonra isə bilmədən stəkana qaynar su tökülmüşdü, mənim də xəbərim yox idi. Məhəmməd müəllim çəkilişi dayandırmamaq üçün o suyu içmək məcburiyyətində qaldı. Çox utanmışdım.

Son olaraq oxucularımıza nə demək istərdiniz?

- Bizi izləyən, vaxt və diqqət ayıran hər kəsə təşəkkür edirəm. Bizi izləməyə davam edin.

Paylaş
Şərh əlavə et