1863-cü ilin yanvarın 10-da Londonda dünyanın ilk metro xətti açılıb. Uzunluğu 3.6 km təşkil edən metropoliten 7 stansiyadan ibarət idi.

Qatarlar kömürlə işlədiyinə görə ondan çıxan his sərnişinləri qaraldırdı. Bununla belə, yeni nəqliyyat növü çox populyar idi. Təkcə xəttin açılış günü metrodan Londonun 30 mindən çox sakini istifadə edib.
Bu gün London metrosu ildə bir milyarddan çox sərnişin daşıyır. London metro şəbəkəsi 11 xəttdən ibarətdir, 270 stansiyaya malikdir və relslərin uzunluğu 250 mildən çoxdur - bu, 400 kilometrdən çoxdur.
Hər kəs London metrosunun loqotipi ilə tanışdır. Bu loqotip yalnız 20-ci əsrin əvvəllərində, 1908-ci ildə, metro birləşdiyi zaman yaradılıb. İlk metro xəritəsi 1931-ci ildə yaranıb, onun müəllifi Harri Bek idi. Bu xəritə bu gün çap dizaynının klassiki hesab olunur.
London metrosunun tikintisi ilə məşğul olan şirkət “Metropolitan Railway” adlanırdı. Buna görə də Böyük Britaniya sakinləri əvvəlcə metronu “metropoliten” adlandırıblar, sonra isə onu “metro” olaraq qısaldıblar. London sakinləri metroya “tube” (boru) və ya “underground” (yeraltı) deməyə üstünlük verirlər.
Mənbə: pnp.ru
Tərcümə etdi: İbrahim Çobanlı
