Formula 1-in təcrübəli pilotu Serxio Peres komandaya qayıdacağına işarə edib. Komandaların siyahılarını tamamlaması meksikalı pilotun geri qayıtmasını çətinləşdirir. Bununla belə, Peresin də fərqli variantları olduğu qeyd edilir.
Formula 1 komandası Red Bull aylarla davam edən söz-söhbətlərdən sonra Serxio Peresi komandadan göndərib. Meksikalı pilot ayrıldıqdan sonra ilk dəfə susqunluğunu pozub.
Peres karyerasında növbəti addımı 6 ay ərzində müəyyənləşdirəcəyini bildirib. Peresin bu açıqlaması avtomobil idmanının zirvəsi olan Formula 1-ə qayıtmaq planı kimi şərh edilib.
Peresin Formula 1-ə qayıtması mümkündürmü?
Formula 1 komandalarının yeni siyahılarına baxsaq, Peres üçün 2026-cı il də komanda tapmaq çətin görünür. Çünki demək olar ki, bütün komandalar öz heyətlərini 2026-cı ilin sonuna kimi planlaşdırıblar. Bununla belə, Peresin Formula1-də özünə yer tapmağa kömək edəcək başqa variantları da var.
O variantlardan biri meksika mənşəli sponsorlardır. Bu sponsorlar Peres hansı komandaya gedirsə, onu dəstəkləyir. Meksikalı pilotun, xüsusilə, yeni qaydaların tətbiq olunacağı dövrdə təcrübəsi ilə komandalara böyük töhfə verə biləcəyi də düşünülür. Üstəlik Formula 1 mənbələri hesab edir ki, Red Bull-dakı uğursuzluğunun yeganə səbəbi Peres deyil.
Red Bull-un avtomobili tamamilə Maks Verstappenin sürmə tərzinə uyğun olaraq hazırladığı düşünülür. Bu prosesin komandadakı ikinci pilotu çətin vəziyyətə saldığı iddia edilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
