Bu gün:

Futbol topları harada hazırlanır?


Futbol toplarının çoxu futbolun heç məhşur olmadığı, hətta demək olar ki, oynanmadığı ölkədə hazırlanır. 

Çox adam bilmir ki, Dünya Kuboku toplarının istehsalı üzrə inkişaf edən biznes Pakistanın şimal-şərqində Sialkot şəhərində yəhər mağazasında başlayıb. Şəhər hazırda minə yaxın dəri top fabrikinə ev sahibliyi edir və bölgə Adidas kimi qlobal markalar üçün ildə 30 milyon top istehsal edir. 


Yeddi il əvvəl Rusiyada keçirilən Dünya Kuboku üçün Sialkot fabrikləri təxminən 37 milyon top istehsal edib. 


İlk müasir futbol topunu 1855-ci ildə Çarlz Qudyer təqdim edib. Vulkanlaşdırılmış rezindən hazırlanan topun əvvəlki versiyalara nisbətən əhəmiyyətli üstünlükləri var idi, lakin topun gözlənilmədən sıçramaq kimi qüsuru var idi. Yalnız on il sonra İngiltərə Futbol Assosiasiyası topun xarici dəri qabığı olan mükəmməl sferik formada olmasını tələb edən ümumi standartları dərc edib.


Sialkotda yerləşən Britaniya ordusunun zabitində təmirə ehtiyacı olan bu dəri toplardan biri var idi. O, yerli yəhər istehsalçısından topu təmir etməyi xahiş etdi və bununla da orada top istehsalı başlayıb. Kiçik ailə biznesi kimi başlayan iş tezliklə Sialkotun əsas iqtisadi fəaliyyətinə çevrilib. Amma bu hekayənin ən maraqlı tərəfi isə pakistanlıların futbol oynamamasıdır. Futbol topu sənayesi əsasən İngilislərə və digər kolonistlərə xidmət etmək üçün inkişaf edib. 


655 min nəfərdən çox əhalisi olan Sialkot şəhərində 60 min nəfər, yəni ümumi əhalinin təxminən 8%-i top istehsalı ilə məşğuldur. Adidas üçün top istehsal edən ən böyük şirkət Forward Sports 1982-ci ildən Dünya Kuboku üçün topların rəsmi təchizatçısıdır. Forward Sports-da əksəriyyəti qadınlar olmaqla 4 minə yaxın işçi çalışır. Məhz onlar topları əllə tikirlər. Bəs nəyə görə əllə? Çünki belə toplardakı tikişlər bir maşının edə biləcəyindən daha dərin və dar olmalıdır. Bu, çox əmək tələb edən bir prosesdir, lakin daha güclü aerodinamik sabitliyə malik topla nəticələnir. Onlar təkcə futbol topları yox, həm də müxtəlif oyunlar üçün top düzəldirlər.


Mənbə: 1prof.by


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et