Bu gün:

İtlərdəki yuxu problemi demansiya əlaməti ola bilər


Demansiya insanlarda olduğu kimi itlərdə də baş verə bilər. Koqnitivmgeriləməni göstərən əlamətlər arasında yuxu problemləri də var.

Yüksək səslə xoruldama, pəncələrin səyirməsi itlərdə problem olduğunu göstərə bilər. Lakin tədqiqatçılar demansiyalı yaşlı itlərin sağlam beyni olanlara nisbətən, daha az yuxuya getdiyini bildiriblər.

Şimali Karolina Dövlət Universitetinin professoru Nataşa Olbi "Yaşlı itlərin yuxu vərdişlərindəki dəyişikliklər idrakın azalmasından xəbər verə bilər", - deyə bildirib.

Olbi və həmkarları 10-16 yaş arası 28 it üzərində apardıqları araşdırmalar barədə məlumat veriblər.  İtlər iki saatlıq günorta yuxusunda olarkən onların beyin dalğaları elektroensefaloqramma (EEQ) ilə qeydə alınıb.

Tədqiqatçılar, həmçinin sahiblərini sorğu-suala tutublar və itin demansiya olub-olmadığını və ya risk altında olduğunu müəyyən etmək üçün hər bir itin bir sıra problemləri həlletmə, yaddaş və diqqət tapşırıqları üzrə performansını qiymətləndirdilər. İtlərdən 20-nin koqnitiv pozğunluğu olduğu, səkkizində isə problemin ağır olduğu qənaətinə gəlinib.

Komanda daha yüksək demansiya nəticələri olan itlərin yuxuya getməsinin daha uzun sürdüyünü və daha az yatdığını aşkar etdi.

Tədqiqatda iştirak etməyən Kennel Club və elm mütəxəssisi Nik Sutton bildiriblər ki, "Demansiyalı itlərin yuxunun əsas mərhələlərində daha az vaxt keçirməsini bilməyiniz çox vacibdir. Əgər itinizdə qeyri-adi yuxu davranışları müşahidə edirsinizsə, baytara müraciət edin”.

Mənbə: Sözcü

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et