Bu gün:

Dünyada doğum adətləri


Hər gün dünyada, orta hesabla, 360.000 körpə doğulur.  Doğum bütün dünyada eyni olsa da, bununla bağlı adət-ənənələr və inanclar mədəniyyətdən mədəniyyətə fərqli ola bilər.

Bali: Plasentanın ( cift) basdırılması

 Plasentanın basdırılması Bali və ətraf ölkələrdə çox qədim bir ənənədir. Mədəniyyətimizdə 'körpənin arvadı' olaraq da bilinən plasenta qədim zamanlardan bəri canlı və əhəmiyyətli bir orqan olduğu üçün Bali mədəniyyətində hörmətlə qarşılanır.  Ənənəyə görə, doğuşdan sonra plasenta təmizlənir, sonra da gil qaba və ya hindistan cevizi qabığına qoyulur.  Bu qabın üzərində hind fəlsəfəsinin bəzi qədim simvolları həkk olunub. Qabın içindəkilər xüsusi ağ parça ilə bükülür və əgər körpə oğlandırsa, bu “plasenta qabı” xüsusi ritualla evin qapısının sağ tərəfində basdırılır.  Körpə qız olsa, evin solunda basdırılır.  Evin bağçası qabı  basdırmaq üçun uyğun deyilsə, "plasenta qabı" okeana da atıla bilər.

 Plasenta basdırıldıqdan sonra dualar, mantralar oxunur, şam yandırılır. Mümkünsə, dəfn yerinin yaxınlığında onu heyvanlardan və pis ruhlardan qorumaq üçün pandunus ağacı (mini-xurma növü) əkilir və 42 gün evdə şam yandırılır. Plasenta və onun ağacı körpə qidalandıqca qidalanır  və onun həyatının bir hissəsi hesab olunur.

Braziliya: Hədiyyə

 Yenicə dünyaya gələn anaya hədiyyə gətirmək ənənəsi bütün dünyada yayılmışdır.  Braziliyada isə ana və körpəni görməyə gələn qonaqlara hədiyyə vermək ənənəsi adi haldır.  Hətta anaların çoxu hədiyyələrini dərhal xəstəxanaya gələn qonaqlarına təqdim edirlər.

Hollandiya: Evdə Doğuş

Hollandiyada qədim zamanlardan bəri gündəlik həyatın bir parçası kimi qəbul edilən doğuş bu gün də daha çox evdə həyata keçirilir.  Ölkə üzrə uşaq dünyaya gətirən qadınların 20 faizi öz evində uşaq dünyaya gətirir.  Bu göstərici hazırda hər hansı digər ölkədə evdə doğuşlar üçün ən yüksək göstəricidir.

Türkiyə: Lohusa Şərbət

Hər növ şirniyyata çox düşkün olan Türkiyə  mədəniyyətində hər cür şərbət gündəlik həyatın bir parçasıdır. Doğuşdan sonra hazırlanan və həm təzə anaya, həm də qonaqlara təqdim edilən Lohusa şərbət bu gün də davam edən bir ənənədir.  Bu şəkərli, ədviyyatlı şərbətin ana südünü artırdığı da məlumdur.

Amerika: Uşaq yorğanı

Doğuş möcüzəsini simvolizə edən  uşaq yorğanları bütün Amerikada yayılmışdır.  Hər yeni doğulan körpənin sarıldığı yorğanlar daha çox əllə toxunmuş, oxşar rəng və modellərdədir. Hətta bəzi xəstəxanalar bu ənənəvi uşaq yorğanlarına bənzər xüsusi xəstəxana yorğanları təqdim edirlər.

Mənbə: Habertürk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et