
Basketbol dünyada ən populyar idman növlərindən biridir. Oyunun ən diqqət çəkən məqamlarından biri, əlbəttə ki, basketbol topunun özüdür. Halbuki, əvvəllər basketbol oynayan zaman fərqli topdan istifadə olunurdu. 1950-ci illərdən əvvəl basketbol topları ümumiyyətlə tünd qəhvəyi rəngdə idi.
Topun rəngini və bununla da oyunun taleyini dəyişən adlardan biri də Butler Universitetinin basketbol komandasının məşqçisi Tony Hinkle idi. Tony Hinkle top üçün qəhvəyi rəngin düzgün seçim olduğunu düşünmürdü. Onun sözlərinə görə, qəhvəyi topu görmək həm basketbolçular, həm də tamaşaçılar üçün kifayət qədər çətin olub. Xüsusilə zəif işıqlandırılmış zallarda topun hərəkətini izləmək üçün əlavə səy tələb olunurdu.
Bundan sonra Tony Hinkle yeni rəng təklif etdi. 1957-ci ildə Spalding Company ilə işləyən Hinkle yeni basketbol üçün qollarını çırmaladı. Seçilən yeni rəng bu gün basketbol matçlarından tanış olduğumuz narıncı idi.
Narıncı rəng parlaqlığı və kontrastı sayəsində həm oyunçular, həm də meydandakı tamaşaçılar üçün böyük üstünlük təmin edirdi. Yeni hazırlanmış narıncı basketbol topu ilk dəfə 1958-ci ildə NCAA finallarında istifadə edilmişdir. Yeni topu görmək daha asan olduğunu başa düşən NCAA rəsmiləri yeni narıncı basketbolu bütün basketbol təşkilatları üçün standart etdi.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
