Hər hansı bir əlaqədə ayrılmağa səbəb ola biləcək, göz yumulmaması lazım olan hallar mövcuddur.
Bir əlaqəni bitirmək asan olmasa da, bəzən bu, vacibdir. Mənfi bir vəziyyətdə və ya artıq bir-birinizi başa düşmədiyiniz, sizə lazım olanı verməyən bir əlaqədə olmaqdan imtina etmək üçün bu addımı atmaq zəruridir.
BBC-yə görə, mənfi, sağlam olmayan və ya toksik bir əlaqədə olsanız, neqativ və özünüzə zərər verici davranışlar inkişaf etdirmə riskiniz artır. Bu vəziyyət, digər insanlarla əlaqə qurma tərzinizi təsir edə bilər və depressiya ilə yanaşı, özünə inamsızlıq kimi simptomların ortaya çıxma riskini yüksəldə bilər. Bu səbəbdən, yalnız sağlam və müsbət əlaqələri davam etdirmək vacibdir.
Hər bir insan bir əlaqəni niyə bitirəcəyinə və ya niyə davam etdirəcəyinə özü qərar verə bilər, lakin zehni, fiziki, emosional sağlamlıq və rifah üzərində mənfi təsir yarada biləcək və əlaqəni toksik hala gətirə biləcək bəzi səbəblər var və bunları gözdən kənar etməməliyik.
Psixologiyaya görə bir əlaqəni bitirmək üçün 5 əsas səbəb:
1. Ünsiyyət əskikliyi
Ünsiyyət əskikliyi, əlaqəni ciddiyə almamaq, "çox məşğul olmaq", münaqişədən qaçmaq, nə istədiyinizi ifadə edə bilməmək və ya maraq çatışmazlığı kimi bir çox səbəb əlaqələrdə problemlərə yol aça bilər. Lakin Verywell Mind-a görə, bu faktorlar əlaqələrin uğursuz olmasının əsas səbəbləri arasında yer alır.
Sahib olmadığınız bir münasibət istəyə bilərsiniz, lakin digər tərəf səy göstərməyə həvəsli olmadıqda, əlaqəniz getdikcə daha çox azalma yaşayacaq və artıq məyusluq səviyyələri yüksələcəkdir.
2. Məqsədlərdə uyğunsuzluq
Əlaqənin davam etməsi üçün hər mövzuda "uyğun" olmaq lazım deyil, lakin həyat planları, əlaqəyə dair məqsədlər və niyyətlər kimi vacib mövzularda uyğunluq olması önəmlidir. Məqsədlər uyğun olmadıqda, eyni şey üçün çalışmadığınız və ya eyni istiqamətdə irəliləmədiyiniz mənasına gəlir və bu, bir çox problemin, mübahisənin və kədərin mənbəyi ola bilər. Bu səbəbdən, bu mövzuda vacib bir söhbət etməli və məqsədlərinizin digər şəxsin məqsədləri ilə uyğun olub-olmadığını anlamağa çalışmalısınız.
Psixoloq David Fox bloqunda belə yazır: "Biri ilə ilk tanış olduğunuzda məqsədləriniz və xəyallarınız barədə açıq olmağınızdan əlavə, həm də zaman-zaman ikinizin də hələ eyni yolda olub-olmadığınızı yoxlamağınız da çox önəmlidir".
3. Hər cür istismar
İstismarın heç bir növünə icazə verilməməli və ya qəbul edilməməlidir. Buna cinsi, fiziki, psixoloji, maliyyəvi və daha çoxu daxildir.
İstismar nəzarət və manipulyasiya ilə yanaşı, digər tərəf üçün mənfi nəticələr doğura biləcək tam bir empati çatışmazlığı göstərmə formasıdır və sağlam, davamlı və ya xoşbəxt əlaqələrdə bunun heç bir növünə yer verilməməlidir.
4. Güvən itkisi
Güvən sağlam əlaqələrin təməl daşlarından biridir və bu olmadan əlaqələrin uzunömürlü olması çətindir. Sədaqətsizlik, verilən sözlərin tutulmaması, vacib sirlərin gizlədilməsi və ya aldadıcı davranışlar güvənin zədələnməsinə səbəb ola bilər.
Verywell Mind: "Yaxşı bir əlaqə üçün lazım olan əsas duyğulardan biri də təhlükəsizlik hissidir. Əgər emosional dəstəkdən məhrumsunuzsa və ya tərəfdaşınızın etibarsız olduğunu düşünürsünüzsə, güvəninizi itirə bilərsiniz. Tərəfdaşınız qeyri-müəyyən və ya anlaşılması çətin biridirsə, narahat olmanız üçün bir səbəb var deməkdir. Güvənsizlik üzərinə qurulan əlaqələr sarsıntılı bir zəmin üzərində irəliləyir" - deyir .
5. Hörmət çatışmazlığı
Qarşılıqlı hörmət daha sağlam və möhkəm bir əlaqə qurmanın əsas ünsürlərindən biridir.
Mənbə: BBC
Tərcümə etdi: Zeynəb Həsənova
