Bu gün:

"Bayağı kontent yayan istifadəçiləri izləməməliyik ki, reytinqlərini artıra bilməsinlər"


24Media.az-ın növbəti qonağı media eksperti Səbinə İzzətlidir. O, Azərbaycanda sosial şəbəkələrin istifadəsi və təsirindən danışıb. 


-Azərbaycanda sosial şəbəkələrin istifadəsi hansı dövrdə sürətlə artmağa başladı?


Azərbaycanda sosial şəbəkələrin istifadəsi, xüsusilə 2010-cu illərin əvvəllərində sürətlə artmağa başladı. Bu artıma internetin əlçatanlığının genişlənməsi, mobil texnologiyaların (3G və 4G) inkişafı, gənc nəsilin texnologiyalara marağı və dünyada sosial-siyasi hadisələrin təsiri (məsələn, Ərəb Baharı dövründə sosial şəbəkələrin rolu) mühüm töhfə verdi. Həmçinin bizneslərin sosial media platformalarını reklam və marketinq üçün istifadə etməsi, əyləncə və kommersiya məzmununun artması da bu inkişafı dəstəklədi. Bu proses nəticəsində Facebook, Twitter (indiki X) və Instagram kimi platformalar ölkədə geniş yayılaraq ictimai, mədəni və iqtisadi həyatın ayrılmaz hissəsinə çevrildi.


-Sosial şəbəkələr Azərbaycanda mədəni dəyərlərin qorunmasına və yayılmasına necə təsir edir?


Sosial media bütün sferalarda olduğu kimi mədəni sahədə də mesaj ötürmək üçün əla vasitədir. Sosial media istifadəçiləri arasında Azərbaycanın mədəni zənginliyini kreativ yolla təqdim edənləri də görürük. Mən şəxsən Instagram-da “Save Baku” səhifəsini çox sevirəm. Burada Azərbaycan memarlıq nümunələrinin tarixi haqqında məlumat verilir, eyni zamanda, həmin tikililərin hazırki vəziyyəti ilə bağlı informasiya da almış oluruq. Buna rəğmən, bəzi hallarda sosial şəbəkələrdə, xüsusən də gənclər arasında mənəviyyatsız, heç bir mədəni dəyərlərə sığmayan paylaşımları da görürürk. Cəmiyyət olaraq bayağı kontent yayan istifadəçiləri izləməməli, onları yeri gələndə qınamalıyıq ki, reytinqlərini artıra bilməsinlər. Cəmiyyətin mənəvi və mədəni səviyyəsi o qədər yüksək olmalıdır ki, bu cür zərərli istifadəçilərin fərqində ola bilsin və onları sosial media fenomenlərinə çevirməsin. 


-Azərbaycan şirkətləri sosial şəbəkələrdən reklam və marketinq üçün nə dərəcədə istifadə edirlər?


Sosial media vasitəsilə gənc auditoriyaya yönələn kampaniyalar həyata keçirilir. Bununla yanaşı, kiçik və orta bizneslər də sosial şəbəkələrin sərfəli reklam imkanlarından yararlanaraq bazarda tanınma əldə edir. Lakin bəzi şirkətlər hələ də rəqəmsal strategiyanın əhəmiyyətini tam dərk etmədiyindən, bu sahədə peşəkar yanaşmanın və analitik alətlərin istifadəsinin artırılması vacibdir. Sosial mediada hər yayılan trendi fürsətə çevirmək doğru deyil. Hər markanın öz dəyəri, auditoriyası, tələbləri var. Bu incəlikləri hesaba qatmadan baxırsan ki, trendə qoşulmaq xatirinə gərəksiz, uğursuz paylaşımlar edilir. 


-Azərbaycanda sosial şəbəkələrdə kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması ilə bağlı problemlər varmı? 


Sosial şəbəkələrdə kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması ilə bağlı müəyyən problemlər mövcuddur. Xüsusilə zəif şifrələrdən istifadə, iki faktorlu təsdiqləmə kimi təhlükəsizlik tədbirlərinə məhəl qoyulmaması və şübhəli linklərə klikləmə kimi davranışlar bu riskləri artırır. Məsələn, bəzi hallarda istifadəçilərin sosial media hesablarının oğurlanması ilə onların adından yanlış məlumatların yayılması və ya şəxsi məlumatlarının ifşa edilməsi kimi problemlər haqqında eşidirik. Bundan əlavə, məni ən çox narahat edən məsələ sosial şəbəkə platformalarının bəzi hallarda şəxsi məlumatların icazəsiz toplanması və istifadəsidir. Bu problemlərin həlli üçün istifadəçilərin kibertəhlükəsizlik barədə maarifləndirilməsi, dövlət qurumları və mütəxəssislərin kibermüdafiə mexanizmlərini gücləndirməsi, həmçinin sosial şəbəkə platformalarının yerli qaydalara uyğun fəaliyyət göstərməsinin təmin edilməsi vacibdir.


İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et