
Dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması dünya mediasında rezonans doğurub. 24Media.az ingilisdilli mediada dərc edilən bəzi materialları təqdim edir:
BBC.com
Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi Bakıdan Qroznıya hərəkət edərkən duman səbəbindən marşrutdan kənarlaşdırılıb və Aktau yaxınlığında qəza enişi etməyə cəhd göstərib.
Aviaşirkətin məlumatına görə, təyyarə eniş zamanı alovlanıb və Aktaudan təxminən 3 km məsafədə yerə çırpılıb.
Fəlakətin görüntüləri təyyarənin eniş qurğusunun sərbəst buraxılaraq yüksək sürətlə yerə yaxınlaşdığını göstərir. Flightradar24 platforması təyyarənin uçuş məlumatlarını təsdiqləyib. Rusiya mediasının təsdiqlənməmiş məlumatlarına görə, qəzanın səbəbi quş sürüsü ilə toqquşma ola bilər.
CNN.com
Qazaxıstanda baş verən təyyarə qəzasında 67 nəfərdən 38-i həlak olub, digər sərnişinlər və 2 ekipaj üzvü sağ qalıb. Təyyarədə əsasən Azərbaycan vətəndaşları olsa da, Rusiya, Qazaxıstan və Qırğızıstandan olan sərnişinlər də var idi. CNN qeyd edir ki, stüardessalar və pilotlar peşəkarcasına hərəkət edərək onlarla insanın həyatını xilas ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev MDB liderlərinin qeyri-rəsmi sammitində iştirakını dayandıraraq ölkəyə qayıdıb. O, dekabrın 26-nı Azərbaycanda matəm günü elan edib və sosial şəbəkələrdə başsağlığı mesajı yayımlayıb:
“Ölənlərin ailələrinə dərin kədərimi ifadə edir, yaralılara tezliklə şəfa tapmalarını arzulayıram.”
CBSnews.com
Təyyarənin quyruğunda görünən zədələr onun hava hücumundan müdafiə sistemlərinin atəşinə tutulmuş ola biləcəyini göstərir. Rusiyalı hərbi ekspert Jan Matvev hadisəni belə şərh edib:
“Təyyarənin quyruğu sanki raket parçaları ilə zədələnib. Lakin bu, araşdırmalar nəticəsində təsdiqlənməlidir.”
Qazaxıstan və Azərbaycan rəsmiləri hələlik qəzanın səbəblərinə dair rəsmi açıqlama verməyib və araşdırmaların davam etdiyini bildiriblər.
Fatimə Kərimli
