
Dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Bu hadisə ilə bağlı rus mediasında müxtəlif materiallar yayımlanıb. 24Media.az həmin materiallardan seçmələri təqdim edir:
Tass.ru
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sərnişin təyyarəsinin qəzasını araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.
Azərbaycan Prezidenti İlham Əliyev qəza ilə əlaqədar Rusiya Federasiyasında keçirilən MDB-nin qeyri-rəsmi sammitindən Bakıya qayıdaraq operativ müşavirə keçirib. O, təyyarə qəzasının səbəblərinin hələ məlum olmadığını və müxtəlif versiyaların nəzərdən keçirildiyini bildirib.
Rusiya Prezidenti Vladimir Putin Aktauda baş vermiş hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə telefonla başsağlığı verib.
Rbc.ru
İsrail aviaşirkəti Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması və Rusiyaya pilotsuz təyyarələrin hücumları ilə əlaqədar Tel-Əvivdən Moskvaya uçuşları növbəti həftəyə qədər dayandırmaq qərarına gəlib.
Trtrussian.com
Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarə fövqəladə vəziyyətlə üzləşib. İlkin ehtimallara görə, təyyarənin quş sürüsü ilə toqquşması qəza səbəbi olub. Bununla belə, mənbələr hadisənin Rusiyanın son aylarda Ukraynanın pilotsuz təyyarə hücumlarına qarşı zenit sistemlərindən fəal istifadə etdiyi bir ərazidə baş verdiyini vurğulayır.
Iz.ru
AZAL-ın açıqlamasına əsasən, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Son məlumatlara görə, 7 nəfər rusiyalı həlak olub, 9 nəfər isə sağ qalıb və xəstəxanaya yerləşdirilib.
Qazaxıstan Baş Nazirinin müavini Kanat Bozumbayev qəza nəticəsində zərər çəkənlərin köməyinə gəlib. Hadisədən sonra AZAL Bakıdan Qroznı və Maxaçqalaya uçuşları müvəqqəti dayandırıb.
Life.ru
Hərbi pilot Vladimir Popov hadisə ilə bağlı texniki şərh verib: “Əgər mühərrikin işində qəfil bir problem baş verərsə və ya dartma gücü kəsilərsə, təyyarə idarəolunmaz vəziyyətə düşə bilər. Bu halda qəzanın səbəbinin texniki nasazlıq, ornitoloji təhlükəsizlikdə səhlənkarlıq və ya mühərrikə quşun girməsi olub-olmadığını aydınlaşdırmaq vacibdir. Təcrübəli pilotlar zədələnmiş idarəetmə sistemi ilə belə təyyarəni mümkün qədər təhlükəsiz eniş etdirməyə çalışıblar.”
Fatimə Umarbəy
