Ötən gün Azərbaycan Hava Yollarına məxsus "J2-8243" reysi ilə hərəkət edən təyyarənin qəzaya uğraması dünya mediasında da öz əksini tapıb. Sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi əsas müzakirə mövzusudur.

Dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı dünya mediasında materiallar yayımlanır. 24media.az onların bəzilərini təqdim edir:
CNN News: Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibinə daxil olan Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko sosial mediada təyyarənin “Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu” iddia edib. O bu iddianı Ukrayna hərbi hava qüvvələrinin Rusiya ərazisinə hücumlarından qısa müddət sonra təyyarənin qəzaya uğraması ilə əsaslandırıb.
BBC News: Bəzi aviasiya ekspertləri “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiyanın Çeçenistan Respublikası üzərində hava hücumundan müdafiə sistemləri ilə vurulduğunu irəli sürürlər və Azərbaycandakı hökumətyönlü media rəsmilərə istinadən Rusiya raketinin məsuliyyət daşıdığını bildirir.
The Christian Science Monitor: Rəsmi qəza təhqiqatı başlayan kimi, mümkün səbəblə bağlı nəzəriyyələr çoxalıb, bəzi şərhçilər təyyarənin quyruq hissəsində görünən dəliklərin, ehtimal ki, Ukraynanın pilotsuz təyyarəsinin hücumunu dəf edən Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən atəşə məruz qala biləcəyini iddia edib.
The Guardian: Azərbaycandakı təhqiqata bağlı mənbələr Reuters agentliyinə bildiriblər ki, təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Rusiya və Qazaxıstan Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı fərziyyələri yalanlamağa çalışıblar.
Hazırladı: Səidə Abasova
