24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi psixoloq Fuad Əsədovdur. O, həddindən artıq kofe içməyin psixologiyaya mənfi təsirlərindən danışıb.
-Həddindən artıq kofe içmək psixologiyaya necə təsir edir?

Kofe içmək mərkəzi sinir sistemini həddindən artıq aktivləşdirdiyi üçün bu bəzi insanlarda əsəb, həyəcan, təşviş və.s kimi neqativ hisslər yarada bilir. Üstəlik bəzi insanlarda ürək ritmini də artırdığı üçün panik atak və müxtəlif təşviş ataklarına səbəb ola bilir. Ümumiyyətlə, gündə dörd balaca kofe stəkanından artıq kofe içmək məsləhət görülmür. Tələbələr bəzən imtahanlara hazırlaşdığları dövrdə, xüsusilə, nəzərə alsaq ki, indi də imtahan ərəfəsidir və onlar çoxlu kofe içirlər gecə oyaq qalıb dərs oxuya bilmələri üçün amma bu, zərərdir. Bəli, yuxunu qaçırır və əgər bir neçə gecə kofe içərək yuxusuz qalsanız, bir müddətdən sonra sizdə yuxusuzluq problemi yaranmağa başlayacaq. Və yuxusuzluq olan zaman avtomatik olaraq sizin gündəlik həyat keyfiyyətinizə yaxşı təsir göstərən şeylər azalmağa başlayır.
Məsələn, siz daha həyəcanlı olursunuz, məhsuldarlığınız aşağı düşür, yaddaşınız, diqqətiniz zəifləyir, sanki içinizdə qəribə bir boşluq, narahatlıq, nəsə yolunda getmir hissi olur. Dolayısıyla kofe içmək yuxusuzluğa səbəb olur və nəticədə bu da özü ilə başqa problemlər gətirir. Bundan başqa, unutmamaq lazımdır ki, kofe, əslində, bir narkotik növüdür. Sadəcə satışına icazə verilən narkotikdir və o asılılıq yarada bilir. Və bütün asılılıqlarda olduğu kimi siz kofedən də asılı olsanız, ondan sonra sizin baş ağrılarınız, baş hərlənmələriniz, əhval-ruhiyə pozuntularınız, depressiya və s. müşahidə oluna bilər. Buna görə də kofedən tamamilə imtina etmək tövsiyə edilmir. Kofe içə bilərik, amma dediyim kimi gündə 400 millilitrdən artıq içmək olmaz.
Fatimə Şükürova
