24media.az-ın budəfəki müsahibləri daşınmaz əmlak eksperti Elnur Azadov və hüquqşünas Ramil Süleymanovdur.
-Sənədsiz fərdi yaşayış evlərindən əmlak vergisi tələb edilə bilər?

Ekspert Elnur Azadovun sözlərinə görə, daşınmaz əmlak çıxarış ilə təmin olunmayıbsa, onun hüquqları tanınmır və mülkiyyət də yoxdur.
Daşınmaz əmlakın mülkiyyəti olmadığı halda hər hansı vergi tətbiq oluna bilməz. Həmçinin burada sığorta məsələsi açıq qalır. Buna görə də hökumət ölkədə olan qeyri-qanuni əmlakların qanuniləşməsinin marağındadır. Beləcə həm vergi məsələsi gündəmə gələcək, həm də mülki əmlakların sığortalanması qanunda mümkün olacaq.
-Bəs çıxarışsız evlərin mülkiyyət hüququ necə müəyyən edilir?

Hüquqşünas Ramil Süleymanov qeyd edir ki, çıxarışsız evlərə dair heç bir mülkiyyət sənədi olmur.
Mülkiyyət sənədinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Və bu xidmətin tabeçiliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən qeydiyyat aparılır. Çıxarışlar qeydiyyat əsasında vətəndaşlara təqdim olunur. Çıxarışın verilməsi daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanununa əsasən, icra olunur. Bu icra olunan qanuna görə, vətəndaş daşınmaz əmlakın sənədləşdirilməsi üçün torpağa dair çıxarışı və ya torpağdan istifadəyə dair icarə müqaviləsi, fərdi yaşayış evinin layihəsi və digər zəruri sənədlərini təqdim etdikdən sonra əmlakına dair çıxarış əldə edə biləcək. Torpağa dair heç bir sənəd olmadıqda isə vətəndaşın əmlaka dair çıxarış alması qeyri-mümkündür. Bu səbəbdən də vətəndaşlar mütləq birinci torpaq məsələsini həll etməlidirlər. Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, özbaşına tikililər və ya təyinatı düzgün olmayan torpağda tikinti işlərinin aparılması inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Gülnisə Əfkari
