Bu gün:

“Valideyn sevgisi gələcək seçimlərimizi formalaşdırır”- Psixoloq danışır


Valideynlərin münasibət modelinin uşaqların gələcək romantik münasibətlərinə təsiri çoxşaxəlidir. İnsanlar tez-tez valideynlərindən öyrəndikləri davranış modellərini öz münasibətlərində təkrarlayırlar. Bu mövzu ilə bağlı psixoloq Fuad Əsədov 24Media.az-a verdiyi açıqlamada bildirib ki, valideynlərin münasibəti və uşaqlara göstərdikləri sevgi onların gələcək seçimlərinə və münasibət qurma qabiliyyətlərinə birbaşa təsir edir:

     “Çox vaxt insanlar valideynlərinin münasibət modelinə bənzər münasibətlər qururlar. Bunun səbəbi beynin tanış olanı təhlükəsiz qəbul etməsidir. Valideynlərdən alınan sevgi və diqqət insanın özünü dəyərli və ya dəyərsiz hiss etməsində əsas rol oynayır. Əgər sevgi və diqqət çatışmazlığı varsa, bu, gələcəkdə insanın özünü dəyərsiz hiss etməsinə, mənfi düşüncələr formalaşdırmasına səbəb ola bilər.”

Psixoloq əlavə edir ki, uşaqlıqda alınan tərbiyə bəzi hallarda fərqli nəticələr də doğura bilər:

    “Bəzi insanlar valideynlərinin mənfi davranışlarını müşahidə etdikdən sonra tamamilə fərqli bir yol seçə bilirlər. Bu, insanın xarakterindən, tənqidi düşünmə qabiliyyətindən və həyat təcrübələrindən asılıdır. Əgər bir insan ailənin təsirindən kənarlaşaraq sorğulayıcı düşüncəsini inkişaf etdirə bilibsə, o, öz həyat seçimlərini daha müstəqil şəkildə edə bilər.”

Fuad Əsədov vurğulayır ki, valideynlərdən alınan sevgi çatışmazlığı yalnız mənfi düşüncələr yaratmır, bəzən fərqli psixoloji xüsusiyyətlərə də gətirib çıxara bilər:

    “Uşaqlıqda dəyərsizlik və sevgisizlik hiss edən insanlar bəzən bu əzabdan xilas olmaq üçün tam əks qütbə yönəlirlər. Bu, narsistik xüsusiyyətlərin yaranmasına səbəb ola bilər. Onlar özlərini daha üstün bir obrazda təqdim etməyə çalışır və bununla keçmiş travmalarını kompensasiya edirlər.”

Psixoloq bildirir ki, valideynlərin münasibət modeli çox vaxt təsirli olsa da, hər şey insanın öz düşüncə qabiliyyətindən və şəxsi inkişafından asılıdır:

    “Valideyn təsirini azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün insan tənqidi düşünməyi və özünü sorğulamağı öyrənməlidir. Bu, onun daha sağlam və düzgün münasibətlər qurmasına imkan yaradar.”

Fatimə Cabbarlı


Paylaş
Şərh əlavə et