24Media.az-ın budəfəki mövzusu "Pika sindromu"dur. Bu pozuntu barədə ekspertlərin mövqeyini sizə təqdim edirik:
Müsahibimiz nevroloq Rəna Abbasova bu sindromun, əsasən, uşaq və yeniyetmələrdə müşahidə olunduğunu deyib:

Pika sindromu, əsasən, uşaq və yeniyetmələrdə müşahidə olunur. Qida dəyəri olmayan maddələrin qəbul edilməsi prosesdir. 2 yaşa qədər uşaqlardakı neyroinkişafı nəzərə alaraq deyə bilərəm ki, bu hardasa normaldır. Çünki uşaqlar əşyaları öyrənməyə çalışır, əllərindəki əşayaları ağızlarına aparırlar. Lakin 2 yaşdan sonra normal qidalanmaya keçən uşaqlarda bu hallar müşahidə olunarsa, bu artıq patalogiyadır. Bu halla qarşılaşan şəxslərin nevroloji statusu dəyərləndirilməlidir. Əqli gerilik, davranış pozuntusu, şizofreniya və bu kimi digər hallarda qeyri-qida maddələrinin qəbul olunması nisbətən normal qəbul edilir. Lakin normal həyat fəaliyyəti olan insanlarda bu vəziyyət artıq pika sindromu anlandırıla bilər. Bununla yanaşı, hamilə qadınlarda mikroelement, dəmir, sink kimi mineralların çatışmazlığı zamanı da baş verir. Bir çox hallarda bu sindrom şəxslərdə intoksikatsiya, mədə və bağırsaq problemləri, ağızda yaralara səbəb ola bilər. Müalicə zamanı ilk növbədə, səbəbi dəqiq müəyyən etmək mütləqdir. Əgər şəxsin mineral çatışmazlığı varsa, buna uyğun yol seçilməlidir. Yox əgər bu artıq vərdiş halını alıbsa, bu zaman şəxsə psixiatrik müalicə məsləhət görlür. Müalicə zamanı baş verə biləcək mənfi hallar ona izah edilir.
Psixoloq Ezgi Şahin isə bu sindromu müəyyən etməyin yollarından bəhs edib:

Pika sindromu tibb elmində yemə pozuntusu kimi qəbul edilir. Müxtəlif yaş qruplarında və müxtəlif səbəblərdən müşahidə olunur. Məsələn, pika sindromlu şəxslər, əsasən, təbaşir, qum, kömür, kağız, salfet və s. bu kimi qeyri-qida məhsullarını qəbul edirlər. Bu pozuntunu müəyyən etməyin bir neçə üsulu var. Ən çox bilinən və valideynlərə məsləhət görülən isə uşağın nəcisini müşahidə etməkdir. Əgər nəcisdə qan və ya qan elementləri mövcuddursa, bu bir göstərici hesab oluna bilər. Və ya nəcis mütamadi olaraq həmişəkindən tünd rənglidirsə bunu da digər göstərici kimi qəbul edirik. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu kimi hallarda ilk müayinə pediatr və nevroloq tərəfindən həyata keçirilməlidir. Bu müayinə və müalicələr nəticə vermədikdə isə, psixoloqa müraciət etmək mütləqdir. Çünki Pika sindromu təkcə nevroloji və ya yemə pozuntusu deyil. Bunun psixoloji səbəbləri də ola bilər. Məsələn stress, şəxsin həyatında baş verən ani dəyişikliklər, yaxın şəxslərin itirilməsi, depresiya və s. kimi psixoloji faktorlar da təsir göstərə bilər.
Qida mütəxəssisi Ağa Salamov isə bu halda dietoloqa müraciətin önəmini vurğulayıb:
Pika sindromu, əsasən, psixoloji bir sindrom olaraq qiymətləndirilir. B1, B6, sink, dəmir və s. çatışmazlığı buna səbəb olur. Bu zaman qida qəbulunda həmin maddələrin tənzimlənməsini təmin etmək lazımdır. Bunun üçün isə, dietoloqlara müraciət etmək mütləqdir. Şəxs bu halın qarşısını almaq üçün düzgün və balanslı qidalanmaya fikir verməlidir.
Tahirə Bağırzadə
