
Salah “Qızıl buts” uğrunda liderliyi ələ keçirir
“Liverpul”un hücumçusu Məhəmməd Salah bazar günü Premyer Liqada “Tottenhem” üzərində 6:3 hesablı qələbədə daha iki qol vuraraq “Qızıl buts” mükafatı uğrunda yarışda “Mançester Siti”nin futbolçusu Erlinq Haalandı geridə qoyub.
Bu mövsümdə artıq 15 qola imza atan Salah, həm də asistlər siyahısında liderdir. Son oyunda etdiyi iki məhsuldar ötürmə ilə asist sayını 11-ə çatdırıb. Misir ulduzu, 2022-ci ildə olduğu kimi, həm “Qızıl buts”, həm də “Playmaker” mükafatlarını qazanmaq üçün inamla irəliləyir.
Bununla yanaşı, Salahın “Liverpul”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Onun cari müqaviləsi bu yay başa çatır. Lakin 32 yaşlı hücumçu rekordlar qırmağa davam edir.
Premyer Liqanın bütün dövrlərin ən yaxşı hücumçuları sırasında Salahın mövqeyi necədir? “Nyukasl”, “Mançester Siti” və “Aston Villa”nın keçmiş qapıçısı Şey Given BBC-nin “Günün Maçı” proqramında deyib:
“O, inanılmazdır. Xüsusi və istedadlı oyunçudur. Onun qalacağı və ya gedəcəyi ilə bağlı xəbərlər çoxdur. Amma düşünmürəm ki, “Liverpul” onun getməsinə icazə verə bilər.”
Mənbə: BBC SPORT
Tərcümə etdi: Müzəffər Quluzadə
