ABŞ-nin Milli Yolların Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (NHTSA), sükan, pedal və yan güzgü kimi ənənəvi idarəetmə vasitələri olmayan avtomatlaşdırılmış nəqliyyat vasitələrinin (AV) istifadəsini genişləndirmək üçün yeni milli qaydalar təklif edib.

Bu təklif, keçən il təqdim edilən və Avtomatlaşdırılmış Sürücü Sistemləri ilə Təchiz Edilmiş Nəqliyyat Vasitələrinin Təhlükəsizliyi, Şəffaflığı və Qiymətləndirilməsi Proqramı (AV STEP) çərçivəsində nəzərdə tutulmuşdu. Proqramın əsas məqsədi, tam avtomatlaşdırılmış nəqliyyat vasitələrinin federal təhlükəsizlik standartlarına tam uyğun olmasa da, satışına və istifadəsinə imkan yaratmaqdır.
Hazırda ənənəvi idarəetmə vasitələri ilə təchiz edilmiş avtomatlaşdırılmış nəqliyyat vasitələri NHTSA-nın nəzarəti olmadan yollarda hərəkət edə bilər. Lakin, insan tərəfindən idarə edilə bilməyən nəqliyyat vasitələri üçün xüsusi icazə tələb olunur.
Amazon-a məxsus Zoox şirkəti isə öz nəqliyyat vasitələrinin təhlükəsizliyini “öz-özünə təsdiqlədiyini” bildirərək NHTSA-dan icazə almağa ehtiyac olmadığını iddia edir. Bu iddia hazırda agentlik tərəfindən araşdırılır.
Yeni qaydalar robot taksilərin kommersiya bazarında daha geniş istifadəsinə yol açacaq.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
