Bu gün:

“Şəhid olsam, ağlamayın...” – MÜSAHİBƏ


24Media olaraq bu dəfə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kəşfiyyatçı Tural Rəhimlinin dostu Ömər Kərimli ilə həmsöhbət olduq.

"Rəhimli Tural Gəray oğlu 2001-ci il oktyabrın 27-də  Abşeron rayonu Xırdalan şəhərində anadan olub. Əslən Laçın rayonu Korcabulaq kəndindən olan Tural 2007-ci ildə Laçın rayonu 45 saylı tam orta məktəbə başlamış və 2018-ci ildə həmin məktəbin məzunu olmuşdur. Məktəb vaxtı Vətənə bağlılığı, bayrağa sevgisi ilə hər kəsdən fərqlənən Tural, Laçın həsrəti ilə yaşayırdı. Turalı tanıyan hər kəs onun bu sevgisini bilirdi. 2019-cu il oktyabrın 28-i hərbi xidmətə gülə-gülə yola düşən Tural elə ilk günlərdən könüllü şəkildə ön cəbhədə xidmət etməyə başladı. Kəşfiyyat bölümündə olan Tural, dostları və ailəsi ilə danışığında deyirdi: "Şəhid olsam, ağlamayın. Laçını alacam, inşallah".

İkinci Qarabağ müharibəsi başlayan gündən igidlik göstərən Tural 1 oktyabr səhər saatlarında atasına zəng edərək: "Hər şey yaxşıdır, torpaqlarımızı yağı düşməndən azad edirik. Şəhid olsam, ağlamayın", - dedi və həmin gün günorta saatlarında Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına, böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı. Turalın əsgər yoldaşları Tural haqqında danışarkən: "O, bir qəhrəman idi, düşmənin üzərinə qorxu olmadan irəliləyirdi", - deyirlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun".

Paylaş
Şərh əlavə et