24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı ailə və uşaq psixoloqu təlimçisi Aynur İsmayılovadır. O, stressin yaranma səbəbləri və onun həll yollarından danışıb.
-Stressin yaranma səbəbləri, yaratdığı fəsadlar nələrdir və bunu necə idarə edə bilərik?

Müasir dövrdə stressiz bir həyat yaşamaq demək olar ki, mümkün deyil. Ancaq stress həm də bizi həyata hazırlayan bir amil kimi rol oynayır. Əgər stress olmasaydı, insanlar məsuliyyət hissi, özünə güvən və motivasiya kimi vacib xüsusiyyətlərdən məhrum olardılar. Bununla belə, stressi necə idarə etmək tamamilə insanın özündən asılıdır.
Uşaqlıqdan bəri çox vaxt başqaları ilə müqayisə olunmuşuq və bu səbəbdən özümüzü digərlərindən əskik görməyə meyillənmişik. Çox hallarda bu bizim öz düşüncəmizdən qaynaqlansa da, əslində heç kim kimdənsə daha aşağı deyil. Özümüzü başqalarından zəif hesab etdiyimiz üçün daha çox stress yaşayırıq. Bu müqayisə vərdişi, əsasən, valideynlərimizdən keçmişdir. Hər dəfə özümüzü başqaları ilə müqayisə etdikdə, stress səviyyəmiz artır və bu hətta depressiyaya da yol aça bilər.
Stressi azaltmaq üçün özümüzü başqaları ilə deyil, keçmişdəki halımızla müqayisə etməliyik. Məsələn, bir kağız və qələm götürüb bacarıqlarımızı və nailiyyətlərimizi qeyd edə bilərik. Bu zaman görəcəyik ki, əslində çox şey bacarırıq. Bu yanaşma özünə olan inamı artıracaq. Bacarıqlarımıza güvənib onların üzərində çalışaraq irəliləsək, stress səviyyəsi azalacaq. Öz gücümüzə diqqət yetirib onu inkişaf etdirdikcə, bir çox psixoloji çətinliklərin öhdəsindən daha asan gələ bilərik. Nəticədə stressi daha sağlam bir şəkildə idarə edə bilərik.
Zeynəb Yunuszadə
