Bu gün:

Süni intellektin imkanları və etik məsələlər: Natiq Məmişovla müsahibə


24Media.az-ın növbəti müsahibi data mütəxəssisi Natiq Məmişovdur. O, süni intellektin imkanları, etik problemləri və potensial risklərindən danışıb.

  -Süni intellekt hansı problemləri həll edə bilər?

Süni intellekt bir çox sahədə problemlərin həllində əvəzolunmaz alətə çevrilib. Tibbdə xəstəliklərin erkən diaqnozu, hava və iqlim dəyişikliklərinin proqnozlaşdırılması kimi məsələlərdə tətbiq edilir. Məsələn, COP 29 konfransında süni intellekt vasitəsilə daha dəqiq iqlim analizləri həyata keçirilib.

Amerikada tıxacların idarə olunmasında süni intellektdən istifadə olunur, bu isə nəqliyyat problemlərinin həllinə böyük töhfə verir. Həmçinin tullantıların ayrılması və təkrar emalı prosesləri də süni intellektlə avtomatlaşdırıla bilir.

Süni intellekt işçi bazasının optimallaşdırılmasına, işçi və işəgötürən arasında daha dəqiq uyğunluğun təmin olunmasına da kömək edir. Sosial şəbəkələrdəki məlumatların təhlili, dezinformasiyanın və kiber hücumların vaxtında aşkarlanması süni intellektin gücünü göstərən digər nümunələrdir.

Bundan əlavə, təbii fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması süni intellektin insan həyatı üçün nə qədər mühüm olduğunu sübut edir.


-Süni intellektlə bağlı etik problemlər nələrdir?

Süni intellekt inkişaf etdikcə onunla bağlı etik məsələlər də aktuallaşır. Süni intellekt, əslində, insanlardan aldığı məlumatlar əsasında qərarlar verir və bu, bəzi problemlərə səbəb olur.

Şəxsi məlumatların toplanması, manipulyasiya və yönləndirmə riski etik problemlərin əsasını təşkil edir. Məsələn, sosial şəbəkələrdəki status və şəkillər məlumat bazalarına yığıla bilər və insanlar əleyhinə istifadə edilə bilər. Bu isə şəffaflıq və məxfilik məsələlərini gündəmə gətirir.

Gələcəkdə süni intellekt texnologiyalarının inkişafı yeni ixtisasların yaranmasına və insanların özlərini yeniləməsinə səbəb olacaq. Eyni zamanda, etik qərarların qəbul olunması və süni intellektin düzgün istiqamətləndirilməsi zəruridir.

 -Süni intellektin insan zəkasını üstələmə riski varmı?

Hazırda süni intellektin insan zəkasını tam üstələmə riski yoxdur, çünki mövcud modellər məhdud funksionallığa malikdir. Məsələn, şahmat oynamaq üçün proqramlaşdırılmış bir süni intellekt Qasparova qalib gələ bilər, lakin bu model yalnız şahmatla bağlı məlumatlara əsaslanır və başqa sahələrdə qərar qəbul edə bilmir.

Bununla belə, süni intellektin inkişafı müəyyən riskləri də özü ilə gətirir. Əgər süni intellekt insan müdaxiləsi olmadan etik və sosial baxımdan mürəkkəb qərarlar qəbul etməyə başlayarsa, bu, ciddi problemlərə yol aça bilər.

Süni intellektin fəaliyyətinin məhdudlaşdırılması, təhlükəsizliyin təmin edilməsi və insan maraqlarına uyğun şəkildə dizayn olunması vacibdir. Bu sahədə universal etik dəyərlərin nəzərə alınması və effektiv nəzarət mexanizmlərinin qurulması əsas məsələlərdən biridir.

Məişət texnologiyalarında, məsələn, Çin istehsalı olan mətbəx robotlarının bəzən təhlükəli hala gəlməsi bu ehtiyacı daha da aktuallaşdırır. Təhlükəsizliyin təmin olunması üçün süni intellektin fəaliyyətini məhdudlaşdırmaq və nəzarəti gücləndirmək lazımdır.


Aynur Mikayılova

Paylaş
Şərh əlavə et